33054 şagird üçün buraxılış imtahanı keçirilib

   33054 şagird üçün buraxılış imtahanı keçirilib
  17 Mart 2019    Oxunub:2836
Dövlət İmtahan Mərkəzi (DİM) martın 17-də Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 33054 şagird üçün buraxılış imtahanının birinci mərhələsini keçirib.
Azvision.az DİM-ə istinadən xəbər verir ki, imtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Martın 18-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. Yazı işləri (açıq tipli tapşırıqların cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Hər bir yazı işi əvvəlcə “scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir.

Bundan əlavə imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmır.

İmtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti