İki məsciddə dəhşətli terror: Ölü sayı artıb (Yenilənib)

 İki məsciddə dəhşətli terror:  Ölü sayı artıb (Yenilənib)
  15 Mart 2019    Oxunub:6306
Yeni Zelandiyada iki məscidə edilən silahlı hücum nəticəsində həlak olanların sayı 49 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, bu barədə Yeni Zelandiya polisinin rəhbəri Mayk Buş bildirib. Onun sözlərinə görə, Dins-avenyu məscidində 41 nəfər, Linvud məscidində isə 7 nəfər həlak olub.
Həmçinin xəstəxanalara yerləşdirilən yaralılardan biri həyatını itirib. Hazırda xəstəxanalarda güllə yarası alan 39 nəfər müalicə olunur.

***
Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən Əl-Nor və Linvud məscidlərinə edilən silahlı hücum nəticəsində ölənlərin sayı 40-a çatıb, 20-dən çox ağır yaralı var.

Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiyanın baş naziri Casinda Ardern bəyan edib. Onun sözlərinə görə, 30 nəfər Əl-Nor, 10 nəfər isə Linvud məscidində qətlə yetirilib.

Baş nazir silahlı hücumu terror aktı kimi qiymətləndirib. Bildirib ki, hazırda Yeni Zelandiyada təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb. Hadisə ilə əlaqədar saxlanılan 4 şübhəli polis nəzarəti altındadır. Onların hər birinin ekstremist baxışlara malik olduğu, lakin indiyədək polisin axtarış-müşahidə siyahısında adlarının qeydə alınmadığı bildirilib.

Tutulan şəxslərdən biri Avstraliyadan olan 28 yaşlı Brenton Tarrantdır. Onun məscidə etdiyi hücumu 17 dəqiqə ərzində sosial şəbəkədə canlı yayımladığı məlum olub. İnsidentdən əvvəl isə motivlərin izah olunduğu 37 səhifəlik “manifest” dərc edib.

Silahlılar həm də terror aktı törətməyə hazırlaşıblarmış. Belə ki, məscidlərin yerləşdiyi Kraystçerç şəhərində park edilmiş avtomobillərdə polis bir neçə partlayıcı qurğu tapıb və dərhal onları zərərsizləşdirib. İnsidentlə əlaqəsi olan digər şəxslərin axtarışı davam edir.

Qeyd edək ki, 2 nəfər silahlının hücumu zamanı məscidlərdə 300-dən çox müsəlman olub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: YeniZelandiya   Terror   Məscid  





Xəbər lenti