Azərbaycan səhnəsinin Səməndər quşu
Müəllif burada Ərəblinski yaradıcılığını bütün sənət dolğunluğu ilə mərhələli şəkildə təqdim edir. Tarixi reallıqlar fonunda yazılan elmi araşdırma teatrşünaslara Hüseyn Ərəblinski şəxsiyyəti haqda daha dərin və sərrast düşünməyə istiqamət verir, zaman və sənətkar kontekstində yaşanmış sənət yoluna yeni aurada nəzər salmaqla hamının başa düşəcəyi dildə - nəcib və səmimi sevgi, poetik hərarətlə dolu sadə dillə fitri istedad sahibi olan Hüseynin milli ruhlu türkçü olaraq məfkurə istiqamətlərini incələyir.
Məlumdur ki, XIX əsrin sonu XX əsrin ilk iyirmi ili Azərbaycan xalqının tarixinə milli özünüdərk və oyanış dövrü kimi daxil olmuşdur. Uzun sürən əsarət və imperiyanın yürütdüyü milli, dini ayrı-seçkilik siyasəti Azərbaycan xalqının sosial-mədəni həyatında ciddi geriliyə gətirib çıxarmışdı. Milli tərəqqi naminə ziyalılar və vətənpərvər burjuaziya nümayəndələri tərəfindən irəli sürülən təşəbbüslər bir qayda olaraq şübhə ilə qarşılanır və ciddi maneələrlə üzləşirdi.
Monoqrafoyada dövrün tarixi-ideoloji mənzərəsi canlandırılır, 1905-1920-ci illər teatr prosesi analiz edilir. Sözügüdən illərdə Azərbaycan teatrının inkişaf yolları üzərində dayanan maneələr, parçalanmalar, repertuar çətinliyi, rejissor və aktyor yaradıcılığında diqqəti cəlb edən qeyri-peşəkarlıq, daimi teatr binasının olmaması və digər faktlar diqqətə çatdırılır.
Kitab müəllifinin Əlibəy Hüseynzadə ilə Hüseyn Ərəblinskinin adlarını qoşa çəkməkdə məqsədi Ərəblinskinin qəfil gülləyə tuş gəlməsinin səbəblərini üzə çıxarmaq üçün gözə görünən və görünməyən faktların fonunda diqqəti cəlb edən siyasi mənzərənin məntiqinə və mahiyyətinə uyğun gələn cavablar arayıb tapmaq olmuşdur. Çünki, sovet dövründə yazılan bütün əsərlərdə Ərəblinski siyasətdən tam mənada kənarda təsvir edilmiş və əsas fikir onun kasıblığına, yetimliyinə, kimsəsizliyinə, fanatlığına, əsəbiliyinə, küsəyənliyinə yönəldilmişdir. Amma onun teatra sonsuz sevgisini və fədailiyini doğuran əsas hisslərin, idealların haradan qaynaqlandığı haqqında dövrün təlatümlü rüzgarları səbəbindən həqiqət olduğu kimi söylənməmişdir.
Böyük çətinliklərə sinə gərən teatr fədailərinin həyatını bu şərəfli yola həsr etmələrinə, Azərbaycan xalqının böyük mədəniyyət tarixinə sevgi və inamla yanaşan Ə.Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” məqaləsində Vətəninin qeyrətli və düşüncəli mərdlərini xalqının mədəni inkişafı yolunda “yaşıl işıqlar” olmağa dəvət edirdi. Əli bəyin bütün məqalə və çıxışlarında uca mənəviyyat, milli təəssübkeşlik və dini birlik, kamil insan problemi qırmızı xətlə keçirdi. Onun bu dəvətinə qoşulan Hüseyn Ərəbkinski teatr sahəsində “yaşıl işıq” rolunu son nəfəsinə qədər oynamışdır. 1907 və 1908-ci illərdə Əlibəy onun səhnə fəaliyyətinin istənilən səviyyəyə gəlib çatdığını əks etdirən silsilə oçerklərini yazmış, milli səhnənin cəfakeş aktyoruna metodiki nümunə olaraq rejissor və aktyor yaradıcılığı üçün mükəmməl ədəbi baza və “simvolik tamaşalar sistemi” təqdim etmişdir. Hüseynzadənin həmin çətin illərdə yazdığı “Siyasəti-fürusət” adlı silsilə oçerklərində müəllifin Ərəblinskinin teatr səhnəsində daha münasib quruluşlar vermək üçün yeni strukturlarda səhnə planlarını sıralamasını da açıq şəkildə görmək olur. Bu əsərdəki teatral səhnələrin bədii, səs, işıq, musiqi tərtibatları, rəqs quruluşları, geyim, qrim, butaforiya və digər köməkçi komponentlərinin yaratdığı zəngin təəssürat belə bir fikir söyləməyə əsas verir ki, müəllif bu əsərini məhz Ərəblinskiyə nəzəri və metodoloji nümunə sistemi olaraq təqdim etmişdir.
Teatr sənətində yeniləşmə prosesi özünün romantik-simvolik tərzinə görə fərqlənirdi, bu da milli-mənəvi düşüncə tərzinin dəyişməsi uğrunda aparılan ideoloji təbliğatın təsirini göstərirdi. Yeni yaranan “Ərəblinski teatrı”nın özünəməxsus poetik ruhu var idi ki, bu da vətən, millət sevgisi prinsilərinə xidmət etdiyi üçün gündən-günə yetkinləşir və tamaşaçıları da öz sehrinə salırdı.
Hüseyn Ərəblinski səhnədən hayqıraraq millətinə dərs verib deyirdi: “Keçmişinin qəhrəmalıq tarixindən dərs al! Oxu, savadlı və mədəni ol! Özünün müqəddəratını həm siyasi, həm iqtisadi, həm də mədəni sferada həll etməyi bacar! Siyasi-ictimai və ideoloji fikirlərində qərarlı ol!”. Aktyor Turançılıq ideologiyasına xüsusi ümid və məhəbbətlə yanaşaraq, oynadığı Nadir şah, Dəmirçi Gavə, Şamxal bəy, Fəxrəddin bəy, Frans Moor, Sultan Osman, İslam bəy, Əlmənsur, Əbül-Üla, Səttar xan və digər tarixdə iz qoyan, özünün şərəfi, ləyaqəti, azadlığı, haqqı yolunda mübarizə aparan insanları nümunə göstərib deyirdi: “Müti olma! Qalx ayağa, haqqını tələb et! Sənin olanı əlindən verib qul olma!”. Ərəblinski səhnədən siyasi-ideoloji təbliğat kürsüsü kimi istifadə edirdi. Müəllifin yazdığı kimi, “Ərəblinski teatrı” ilk növbədə siyasi xarakterli teatr idi və geniş miqyaslı ideoloji funksiyanı icra edirdi. Bu səbəbdən də teatrın təsir mövqeyi və dünbəgün artan şöhrəti millət düşmənlərini narahat edirdi. Hüseyn bir mayak kimi işıq saçır və dramaturqları yeni ideyalı səhnə əsərləri yazmağa həvəsləndirirdi. Cəfər Cabbarlı və Hüseyn Cavid kimi dramaturqların yetişməsində “Ərəblinski teatrı”nın böyük təsiri olmuşdur.
Ə.Hüseynzadənin etibar etdiyi və şəxsinə hörmət bəslədiyi gənc Ərəbkinskinin qətiyyətli davranışları, sənətə verdiyi böyük dəyər zaman keçdikcə özünü daha da doğruldurdu. Ərəblinskinin 1907-ci ildə Tiflisin “Kazyonnı Teatrı”nda oynadığı “Nadir şah” tamaşasından məmnun qalan Hüseynzadə aktyorun çox yaxın zamanlarda öz maraqlı tamaşaları ilə nəinki Turanın, həm də İranın tamaşaçılarında azadlıq eşqini alovlandıracağına inandığını bildirir, eləcə də Şərqin ilk modern teatrının təşəbbüskarı və icraçısı olduğunu bildirirdi. Əli bəyin istifadə etdiyi yazı üslubu həmin illərdə Avropada dəbdə olan simvolizm üslubu idi və bu sənət üslubunu yaxın zamanlarda Azərbaycan səhnəsində görmək arzusunda olan Hüseynzadənin qənaətinə görə Ərəbkinski bu arzunun reallaşmasında xüsusi rol oynayacaq və modern Avropa teatrının iş üslubunu Şərq teatr estetikası prinsiplərinin sintezində milli səhnəmizdə reallaşdıra biləcəkdir. Ərəblinskinin quruluş verdiyi tamaşalarda və ifa etdiyi obrazlarda simvollara xüsusi dəyər verməsi göstərirdi ki, o da ustadı kimi simvolizmə meyllidir və Ə.Hüseynzadənin fikirlərinə böyük dəyər verir. Aktyorun sənətində diqqəti çəkən maraqlı yeniliklər onun tamaşalarına və ifasına olan tamaşaçı marağının artmasına səbəb olurdu. Həmin illərin ədəbi-bədii yaradıcılığında inkişaf etmiş ölkələrdə simvolistlər az sözlə çox fikir söyləməyə üstünlük verirdilər. Bu maraqlı yazı üslubundan Ə.Hüseynzadənin məharətlə istifadə etməsinin əsasında isə sevdiklərini düşmənlərdən qorumaq istəyi dayanırdı.
1997-ci ildən üzü bəri milli romantik teatr mərhələsinin ilk araşdırıcısı olan xanım tədqiqatçı kitabın “Ərəblinskinin sənəti və şəxsiyyəti arasındakı bütövlük” bölümündə Ərəblinskinin qətlinin əsl motivlərini aktyor haqqında yazılmış müxtəlif mənbələrdən arasa belə, iki görkəmli alimin fikirləri üzərində araşdırma aparmağa üstünlük verir. Milli romantizm mərhələsinin aparıcı siması olaraq Hüseyn Ərəblinskinin “Siyasəti-firusət” traktatının müəllifi tərəfindən adının böyük sevgi və fəxrlə çəkilməsi, “Nadir şah” tamaşasının uğurlu təqdimatı haqqında yazdığı maraqlı fikirlərin dəyərli teatr tədqiqatçısı Qulam Məmmədlinin tədqiqatında yer alması bir o qədər də asan məsələ deyildi. 1920-ci ildən adının çəkilməsi rus ideologiyası tərəfindən qadağan edilmiş Hüseynzadənin Ərəblinski sənətinə verdiyi böyük dəyəri sovet dövlətinin ən güclü bir dönəmində vurgulamaq və fakt olaraq “Azərbaycan teatrının salnaməsi” kitabına salmaq böyük risk idi. Amma bu yazı ilə Qulam Məmmədli milli səhnəmizin əzabkeşi olan Hüseyn Ərəblinskinin şəxsiyyətinin və sənətinin doğru öyrənilməsi üçün həqiqətin yolunu göstərməsini özünə insanlıq borcu bilmişdir.
Hüseyn Ərəblinski haqqında teatrşünas Ədilə Əliyevanın yazdığı kitabına akademik Kamal Talıbzadənin ön sözü də M.Qubadovaya dəyərli bir istiqamət verir. Hörmətli akademik Talıbzadə Hüseyn Ərəblinskinin sənətinin və şəxsiyyətinin doğru dəyərləndirilməsi üçün aktyorun yaşadığı siyasi-ictimai, mədəni-ideoloji prosesləri dəqiq araşdırmağın vacibliyini vurğulayırdı. Məsməxanımın qənaətinə görə Ərəblinskinin sənəti və şəxsiyyətinin yalnız səhnə çərçivəsində sıxışdırılması, onun fəaliyyətinin zamanın ictimai-siyası, ideolji-mədəni proseslərdən təcrid edilmiş formada təhlil edilməsi əslində bu sənət fədaisinin amal və əqidə yolunun, intellektual səviyyəsinin birtərəfli öyrənilməsi ilə əlaqəlidir.Çünki Hüseyn dünyanı dərk etdiyi gündən “olduğu kimi görünmüş, göründüyü kimi olmuşdur”.
Ərəblinski oynadığı bütün obrazları eyni gözəlliklə, səmimiyyətlə ifa etməyi bacarırdı. Bu isə onun ictimai-sosial problemləri daha dərindən anlamasının, xalqın dərdini, kədər və sevincini öz şəxsi hisslərində yaşatmasının, millətinin və vətəninin dar günündə yanında olmaq arzusunun ifadəsi kimi hər zaman onun sənət və şəxsiyyət kimi diqqət mərkəzində dayanmasının qarantı olmuşdur.
Görkəmli teatrşünas alim Cəfər Cəfərovun Hüseyn Ərəblinski haqqındakı tədqiqatında Ərəblinski və Abbas Mirzə Şərifzadənin sənət səviyyəsinin eyni müstəvidə təhlillərinə Məsməxanım tutarlı arqumentlərlə münasibət açıqlayaraq qeyd edir ki, A.M.Şərifzadə sənətdə Ərəblinskiyə bənzəməyə çalışsa da, ustadının sənət yolundakı zirvələri qət etmək uğrunda mübarizədə ilk çığır açan A.M.Şərifzadə yox, Ərəblinski olmuşdur. Ərəblinski güclü bir düşmənlə vuruşan ordunun başında dayanan cəsur cəngavər idi. Ərəblinski şəxsiyyət və sənətkarlıq baxımından öz yetirmələrindən daha uca zirvə fəth etmişdir ki, bu da onun yaratdığı aktyor məktəbinin etik-estetik prinsiplərində öz əksini tapır. Ərəblinskinin sənət yolunu davam etdirən romantik faciə aktyorlarının sənət prinsiplərindəki döyüşkənlik, mübarizə pafosu bu aktyor məktəbinin əsas meyarı olaraq bu gün də yaşamaqdadır. Şərifzadə Ərəblinski məktəbindən öyrənərək formalaşmışdır. Hüseyn Ərəblinski isə səhnədən ideoloji mübarizə faktoru kimi istifadə etməyin yollarını zamanın siyasi-ictimai və ideoloji-mənəvi proseslərindən öyrənərək yaratdığı aktyor məktəbinin prinsiplərini bütün Turan dünyasına yaymağa çalışmışdır.
Digər tərəfdən teatr aləmində “balaca Ərəblinski” kimi tanınan A.M.Şərifzadənin arxasında qohumları, qardaşı, əmiləri dayandığı halda Hüseyn əvvəl gündən tənha və arxasız olmuşdur. Bu müqayisələr də bu iki sənətkarın qarşılaşdıqları çətinliklərin, əzablı yolların heç də eyni olmadığını isbat edir. Hüseyn Ərəblinski öz gərgin əməyi və əsəbləri hesabına milli romantik teatrın əsasını qoyarkən, A.M.Şərifzadə hələ sənətdə tanınmırdı.
Həqiqətən də sənəti və şəxsiyyəti ilə seçilən böyük aktyorları həyatın və zamanın aynası adlandırmışlar. Hüseyn Ərəblinski sənəti ilə xalqına yaşadığı zülmün və fəlakətin özünü təqdim edirdi. O, zamanın problemlərinin hərtərəfli mənzərəsini dəqiq göstərən ləkəsiz bir ayna rolu oynayırdı. Ona görə də 1908-ci ildə Ağa Məhəmməd şah Qacar obrazının ifasına görə Aktyora gözəl bir ayna hədiyyə edilmişdi.
Azərbaycan teatrının inkişaf prosesində döyüşkən ruhu ilə seçilən romantizm mərhələsinin yaranmasında xüsusi xidmətləri olan Ərəblinskinin həyatı və şəxsiyyəti haqqında doğru fikir söyləməyin, bu millət fədaisinin ölümünün səbəblərini siyasi qəsd kimi əsaslandırmağın zamanı yetişmişdir.
Zamanın problemlərinə qarşı səhnədən ardıcıl şəkildə ideoloji mübarizə aparan Aktyorun ölümünün səbəblərini adiləşdirməklə, millətimizin və Vətənimizin düşmənləri onun həm şəxsiyyətini, həm də sənətini kiçildib cılızlaşdırmağa çalışmışdılar. Düşmənlər alçaq və məkrli planlarını sona qədər ustalıqla həyata keçirməyi də bacarmışdılar.
Düşmənin qarşısında həmişə qətiyyətlə dayanan Ərəblinskinin sənətindəki qüdrət, ehtişam və təsir gücü böyük ideoloji qüvvə olaraq həmişə düşmən cəbhəsinə qarşı əks mövqedə dayanırdı.Onun ifa etdiyi hər bir obraz böyük təbliğat nümunəsi olurdu. Bu obrazlardakı hayqırtı Aktyorun daxili aləmindən çıxan alov kimi ətrafını sarırdı. Əlibəy Hüseynzadə Ərəblinskinin fəaliyyətini “Siyasəti-firusət” traktatında “Səməndər quşu”nun timsalında ümumiləşdirmişdir. Hüseyn həqiqətən də Əlibəy Hüseynzadənin dediyi kimi, “millətini təriqi-nicatə çatdırmaq üçün” səhnəni “Məbəd”ə çevrməyə çalışdı, Azərbaycan səhnəsinin “Səməndər quşu” olaraq haqq uğrunda mübarizə apardı və yanıb kül oldu...
Kitab müəllifinin ürək yanğısı ilə söylədiyi kimi, “Hüseyn Ərəblinski Şərqdə ilk Demokratik Cümhuriyyətin qurulmasında böyük payı olan ideoloji liderlərdən birinin timsalında məhv edilmişdir. Onun ölümündə rus bolşeviklərinin və erməni qatillərinin birgə planları əsas rol oynamışdır. Qatillərin yolunu işıqlandıran şərəfsizlər isə Aktyorun şəxsiyyətinə və sənətinə paxıllıq edən dar düşüncəli, cılız fikirli “sapı özümüzdən olan baltalar”ın xəyanətlərini də çox təəssüflər olsun ki, açıb göstərməyə borcluyuq!”.
Uzaqgörən siyasətçi Əli bəy Hüseynzadə Ərəblinskinin “odla oynadığını” çox gözəl anlayırdı. Ərəblinskinin də bir gün Vətənin azadlığı, istiqlalı yolunda özünü atəşə atan Səməndər quşu kimi yanıb əbədiyyətə qovuşacağını qabaqcadan səhnə fədaisinə anlatmaq istəmişdir. Əli bəy Hüseynzadənin “Siyasəti-fürusət” əsərindəki simvolik səhnədə “Şəhidlər ölmür, onlar Səməndər quşu olub göylərə qalxırlar ki, Vətənin və Millətin dar günündə yenidən qayıdıb yardım etsinlər!” – fikri tam mənada ifadə edilmişdir.
“Ərəblinski teatrı” kitabı teatr tariximiz üçün aktual və əhəmiyyətli mövzu, əvəzsiz elmi sərvət kimi gələcəyin yeni elmi tədqiqatlarının nəzəri-konsetual mənbəyinə çevriləcəkdir.
Nərminə Ağayeva
Teqlər: