Türkiyədən Pentaqonun təhdidlərinə cavab

   Türkiyədən Pentaqonun təhdidlərinə cavab
  11 Mart 2019    Oxunub:1716
“Türkiyə kredit və texnologiyanın ötürülməsi cəhətdən Rusiyanın göstərdiyi münasibəti ABŞ-dan görmədi.” Azvision.az xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik Pentaqonun “S-400” hava hücumundan müdafiə sistemlərilə bağlı Ankaraya etdiyi təzyiq və təhdidlərinə cavab olaraq belə deyib.
““S-400” alsanız sizə “F-35” verə bilmərik deyirlər. Bu cür şərtlər irəli sürməklə ABŞ dünyada özünə müttəfiq tapa bilməyəcək. Boş və əsassız açıqlamaların Türkiyə üçün heç bir mənası yoxdur. Türkiyə kimlərinsə kaprizlərini gözləməyəcək. NATO üzvü olan və olmayan 20 ölkəyə də “S-400” sistemləri satılıb, amma onların heç birinə sanksiya tətbiq edilməyib. Bizə qarşı “S-400” tələbi qoyanlar, Yunanıstanın “S-300”lərinə niyə susurlar?” - Çəlik sual edib.

Partiya sözçüsü onu da vurğulayıb ki, Türkiyə Rusiyadan tədarük edəcəyi “S-400” hava hücumundan müdafiə sistemlərini üçüncü bir ölkəyə satmayacaq. Çəlik həmçinin, “F-35” qırıcı təyyarələrinin birgə istehsalı proqramı çərçivəsində Türkiyədə hazırlanan ehtiyat hissələrin yerinə alternativ axtarılması barədə yayılan xəbələrə də münasibət bildirərək deyib ki, ölkəsi bu layihəyə lap əvvəldən qoşulub və türk hərbçiləri həmin proqramda təlimlərini davam etdirirlər.

Qeyd edək ki, Pentaqon “S-400”lərin əldə edilməsinə görə “Amerikanın rəqiblərinə qarşı sanksiyalar vasitəsilə müqavimət” (“Countering America’s Adversaries Through Sanctions Act”) haqqında qanuna müvafiq olaraq Türkiyəyə qarşı sanksiyalar tətbiq edilə biləcəyi və Ankaraya “F-35” qırıcı təyyarələrinin tədarükünün sual altında qalacağilə bağlı xəbərdarlıq edib.

2017-ci ildə imzalanan müqavilə ilə Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində 4 ədəd “S-400” divizyonu alacaq. İlk divizyon artıq bu ilin iyulunda təhvil və oktyabrında isə istifadəyə veriləcək. ABŞ və NATO rəsmiləri Rusiya raket sisteminin Türkiyədə yerləşdirməsinin Moskvaya NATO təyyarələrində istifadə edilən həssas və məxfi texnologiyaya çıxış imkanı verə biləcəyini iddia edirlər.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   Pentaqon   ABŞ  





Xəbər lenti