Hindistan Pakistanın PUA-sını vurdu

Hindistan Pakistanın PUA-sını vurdu
  11 Mart 2019    Oxunub:1376
Hindistan ordusu ötən axşam Pakistan ərazisindən buraxılan və Hindistanın şimal-qərbindəki Racastan ştatı üzərindən hərəkət edən pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın “NDTV” telekanalı yerli polisə istinadən məlumat yayıb.

Qeyd olunur ki, vurulan PUA-nın qırıqları Qanqanahar rayonundakı yaşayış evinin üzərinə düşüb. Hələlik xəsarət alanlar barədə heç bir məlumat yoxdur. O da vurğulanır ki, bu, 26 fevraldan etibarən Hindistan tərəfindən vurulan sayca 4-cü Pakistan PUA-sıdır.

Xatırladaq ki, 14 fevralda mübahisəli Kəşmir bölgəsinin Hindistanın nəzarəti altındakı Cammu və Kəşmir ştatında “Caiş-e-Mohamməd” terror qruplaşmasının hindistanlı hərbçilərin konvoyuna hücumu nəticəsində 45 nəfərin ölümündən sonra iki nüvə ölkəsi arasındakı münasibətlər daha da gərginləşib. İndiyədək hind təhlükəsizlik qüvvələrinə qarşı ən qanlı hücum kimi qiymətləndirilən bu hadisəyə görə Hindistan hökuməti qonşu Pakistanı ittiham edərək, terrorçuları himayə etdiyini deyib. Lakin rəsmi İslamabad insidentlə heç bir əlaqəsinin olmadığını bildirib. Münasibətlərdəki gərginlik səbəbindən hər iki ölkə səfirlərini qarşılıqlı olaraq geri çağırmışdılar.

Daha sonra hücuma cavab olaraq Hindistan mübahisəli Kəşmir bölgəsinin Pakistanın nəzarətində olan hissəsindəki terror düşərgələrinə hava zərbələri endirib, ardınca isə Pakistana məxsus 3 PUA-nı təyyarəni ələ keçirib. Pakistan da qonşu ölkənin Kəşmirdəki faktiki sərhədi pozan qırıcısını vuraraq pilotunu əsir götürüb. Sonradan pilotu geri qaytarmasına baxmayaraq, Kəşmirdə iki ölkə arasındakı atəşkəs rejimi mütəmadi şəkildə pozulur.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Pakistan   Hindistan  





Xəbər lenti