“Əliyevlə danışıqların formatını müzakirə edəcəyik” - Paşinyan

“Əliyevlə danışıqların formatını müzakirə edəcəyik” -  Paşinyan
  06 Mart 2019    Oxunub:3019
“Azərbaycan prezidenti İlham Əliyev ilə keçiriləcək görüş həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatının müzakirəsinə həsr olunacaq”

Azvision.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Brüsselə səfəri zamanı Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Hanla görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında bu cür bəyanatla çıxış edib.
“Bizim Azərbaycan prezidenti ilə ünsiyyətimiz qeyri-rəsmi xarakter daşıyırdı və mahiyyətcə biz, Qarabağ məsələsinin həlli yolları və təfərrüatları barədə ümumiyyətlə danışmadıq. Biz indi müzakirələrə başlamalıyıq. Tehrana səfərimdə dediyim kimi, bizim Azərbaycan prezidenti ilə görüşümüz, həmçinin, danışıqların formatına dair müzakirələrə həsr olunacaq. Çünki biz hesab edirik ki, məsələnin effektiv həlli üçün Dağlıq Qarabağın danışıqlar prosesində iştirakını təmin edən effektiv format yaratmaq lazımdır və bizim bu mövqeyimiz dəyişməyib”, – deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin 1 mart bəyanatında Ermənistan və Azərbaycan liderlərinin yaxın zamanlarda görüş keçirməyə razılıq verdikləri bildirilib. Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva isə vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşün təşkilinə hazırlıq gedir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Brüssel  





Xəbər lenti