Tereza Mey “Brexit”i rüşvətlə “alır”

 Tereza Mey “Brexit”i rüşvətlə “alır”
  04 Mart 2019    Oxunub:1663
Böyük Britaniyanın baş naziri Tereza Mey bu gün “Brexit”i dəstəkləyən icmaların iqtisadi artımının stimullaşdırılması üçün 1,6 milyard funt-sterlinq (2,11 milyard ABŞ dolları) maliyyə ayrılması barədə plan hazırlandığını bildirib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Britaniya hökuməti bu pulların ölkənin tərəqqisindən ədalətli payını ala bilməyən ərazilərə yönəldiləcəyini, yeni iş yerlərinin yaradılmasına, insanların yetişməsinə və iqtisadi fəallığın stimullaşdırılmasına sərf olunacağını bəyan edib.

“Ölkədəki icmalar dəyişiklik görmək istəklərinin ifadəsi olaraq “Brexit” üçün səs verdilər. Bu, daha geniş imkanlar və böyük nəzarətlə yaxşılığa doğru dəyişiklik olmalıdır. Bu şəhərlərin şanlı irsi, böyük potensialı və doğru köməklə parlaq gələcəkləri var” – Tereza Meyin bəyanatında deyilir.

Lakin detalları hələ ötən ay mətbuata sızan və “Güclü Şəhərlər Fondu” adlanan bu plan bir çoxları tərəfindən baş nazirin, xüsusən də, müxalif Leyboristlər Partiyasının ölkənin Avropa İttifaqından (Aİ) çıxmasının lehinə səs verən şimali İngiltərəni təmsil edən deputatların dəstəyini qazanmaq cəhdi kimi qiymətləndirilir.

Müxalif Leyboristlər Partiyasının maliyyə sözçüsü Con MakDonnell bəyan edib ki, “Baş nazirin bu fondu “Brexit” rüşvətidir. Bu, özünün zərərverici “Brexit” sənədinə səs vermələri üçün hökumətin parlament üzvlərini rüşvətlə almaq çarəsizliyidir”.

Qeyd edək ki, 2016-cı ilin iyununda keçirilən refrendumun nəticəsinə uyğun olaraq, “Brexit” prosesi 2019-cu ilin 29 martında rəsmən başa çatmalıdır. Lakin son tarixə 25 gün qalmasına baxmayaraq, Britaniya parlamenti ilə hökumət arasında “Brexit” sazişinə dair yekun razılaşma yoxdur. Britaniya baş naziri Tereza Mey isə bildirib ki, əgər 12 martdakı səsvermədə parlament “Brexit” sazişi ilə bağlı hökumətin təqdim etdiyi şərtləri bir daha təsdiqləməsə, onda ölkənin Avropa İttifaqından (Aİ) çıxma tarixinin başqa vaxta təxirə salınması üçün Brüsselə rəsmi müraciət edəcək.

Leyboristlər Partiyasının lideri Ceremi Korbin isə bəyan edib ki, parlament hökumətin alternativ planını rədd etdikdən sonra dərhal “Brexit”lə bağlı yeni referendumun keçirilməsini dəstəkləyəcəklər.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Britaniya   Avropaİttifaqı  





Xəbər lenti