37 mindən çox şagird buraxılış imtahanı verir - Yenilənib

37 mindən çox şagird buraxılış imtahanı verir -  Yenilənib
  03 Mart 2019    Oxunub:4337
Martın 3-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilir.
Dövlət İmtahan Mərkəzindən Azvision.az-a verilən məlumata görə, saat 11:00-da başlayan imtahanlarda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilib. İmtahan 3 saat davam edəcək. İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq.

İmtahanlarda Bakı şəhərinin Yasamal rayonunda 2837, Binəqədi rayonunda 4254, Səbail rayonunda 1544, Xətai rayonunda 3474, Xəzər rayonunda 2836, Nərimanov rayonunda 3131, Suraxanı rayonunda 2713, Sabunçu rayonunda 4820, Nəsimi rayonunda 2374, Qaradağ rayonunda 2170, Nizami rayonunda 2454, Pirallahı rayonunda 386, Naxçıvan Muxtar Respublikasında 3439, Şirvan şəhərində 1002 nəfər olmaqla, ümumilikdə 37434 nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulub.

Doqquzuncu sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 84 imtahan mərkəzi ayrılıb.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunub. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

İmtahanların idarə olunmasına 84 ümumi imtahan rəhbəri, 254 imtahan rəhbəri, 2980 nəzarətçi‑müəllim, 221 buraxılışı təşkil edən əməkdaş, 84 bina nümayəndəsi ayrılıb.

Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan vermələri üçün zəruri şərait yaradılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə martın 2-də təkrar baxış keçirilib və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti