Britaniya müxalifəti yeni referenduma hazırlaşır

Britaniya müxalifəti yeni referenduma hazırlaşır
  28 Fevral 2019    Oxunub:2158
Böyük Britaniyanın müxalif Leyboristlər Partiyası bəyan edib ki, parlament ölkənin Avropa İttifaqından (Aİ) çıxmasına dair hökumətin alternativ planını rədd etdikdən sonra, dərhal “Brexit”lə bağlı yeni referendumun keçirilməsini dəstəkləyəcəklər.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Leyboristlər Partiyasının lideri Ceremi Korbin deyib.

“Parlamentdəki səsvermədən sonra biz özümüzün etibarlı alternativ planımız və ya ümumi seçkilər əsasında İttifaqla sıx iqtisadi münasibətlərin saxlanılmasına təkid edəcəyik. Biz həmçinin, zərərli Tori (Mühafizəkar Partiyasının başqa adı) “Brexit”inin və ya fəlakətli sazişsiz ayrılmanın qarşısını almaq üçün referendumu dəstəkləyəcəyik” – Korbin bəyan edib.

Leyboristlər Partiyasının ikinci nüfuzlu üzvü Con MakDonnell isə bildirib ki, baş nazir Tereza Mey “Brexit” sazişini yenidən parlamentə geri qaytaran kimi, onlar ikinci referendumun çağırılması ilə bağlı qanun dəyişikliyi irəli sürəcəklər.

Qeyd edək ki, 2016-cı ilin iyununda keçirilən refrendumun nəticəsinə uyğun olaraq, “Brexit” prosesi 2019-cu ilin 29 martında rəsmən başa çatmalıdır. Lakin son tarixə 29 gün qalmasına baxmayaraq, Britaniya parlamenti ilə hökumət arasında “Brexit” sazişinə dair yekun razılaşma yoxdur. Britaniya baş naziri Tereza Mey isə bildirib ki, əgər 12 martdakı səsvermədə parlament “Brexit” sazişi ilə bağlı hökumətin təqdim etdiyi şərtləri bir daha təsdiqləməsə, onda ölkənin Avropa İttifaqından (Aİ) çıxma tarixinin başqa vaxta təxirə salınması üçün Brüsselə rəsmi müraciət edəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Britaniya   Avropaİttifaqı  





Xəbər lenti