Neft Fondu ötən il 21 tona yaxın qızıl alıb

   Neft Fondu ötən il 21 tona yaxın qızıl alıb
  28 Fevral 2019    Oxunub:3388
Dövlət Neft Fondunun investisiya portfelində 2017-ci ilin sonuna qızılın ümumi miqdarı 30 ton 174,9 kiloqram (970 145,5 troya unsiyası) təşkil edib.

Azvision.az xəbər verir ki, bunu Fondun icraçı direktoru Şahmar Mövsümov AzərTac-a müsahibəsində deyib.
O, qeyd edib ki, ötən il ərzində isə əlavə olaraq dəyəri 816,96 milyon dollar təşkil edən 20 ton 778,4 kiloqram (668 040,7 troya unsiyası) qızıl alınıb ki, nəticədə ARDNF-in investisiya portfelinə daxil olan qızılın ümumi miqdarı keçən ilin sonuna 50 ton 953,3 kiloqram (1 638 186,3 troya unsiyası) və yaxud 2 milyard 93,09 milyon dollar təşkil edib.

"Qızılın investisiya portfelinə daxil edilməsi ümumi portfel səviyyəsində qismən şaxələndirmənin və inflyasiyaya qarşı hedcinqin təmin edilməsi məqsədləri ilə yanaşı, başlıca olaraq ölkə iqtisadiyyatı səviyyəsində strateji hədəflərə xidmət etməkdir ki, son zamanlarda qlobal və regional miqyasda artan geosiyasi gərginlik fonunda, eləcə də qeyri-müəyyən maliyyə bazarları şəraitində bu tipli strateji investisiyaların əhəmiyyəti artmaqdadır.

ARDNF-in 2019-cu il üzrə qəbul edilmiş İnvestisiya Siyasətinə əsasən fondun investisiya portfelində qızıla olan investisiyaların həcmi 5 faizdən 10 faizədək artırılıb. Həmçinin qeyd etmək istərdim ki, cari il ərzində Dövlət Neft Fondunun investisiya portfelinin həcmi və qızılın qiyməti kimi amillər nəzərə alınmaqla İnvestisiya Siyasəti ilə müəyyən edilən qızıl portfeli üzrə hədəf dəyəri çərçivəsində qızılın alınması planlaşdırılır".

Azvision.az


Teqlər: ARDNF   Qızıl  





Xəbər lenti