1319 tələbənin köçürülməsinə icazə verildi

 1319 tələbənin köçürülməsinə icazə verildi
  27 Fevral 2019    Oxunub:2719
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Transfer.edu.az portalı vasitəsi ilə ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1820 nəfər müraciət edib.

“Onlardan 1319 nəfərinin müraciəti müsbət cavablandırılıb. Bu, ötən ilin müvafiq göstəricisindən 442 nəfər çoxdur.
Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 1065 nəfərdən 1014 nəfərini bakalavriatura, 24 nəfərini magistratura səviyyəsi üzrə, 27 nəfərini isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir.
Orta ixtisas təhsili müəssisələrindən köçürülmək üçün müraciət edən 316 nəfərdən 254-nün müraciətinə müsbət cavab verilib”.

Qeyd edək ki, Transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi məqsədi ilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.

Aytən Zəhra
Azvision.az



Teqlər: Təhsil-Nazirliyi   Tələbə   Köçürülmə  





Xəbər lenti