Ermənistanda 20 min insan iş yerini itirəcək

  22 Fevral 2019    Oxunub : 1135
 Ermənistanda 20 min insan iş yerini itirəcək
2020-ci ilin 1 yanvarından etibarən Ermənistanın üzv olduğu Avrasiya İqtisadi İttifaqı ərazisində yeni gömrük tənzimləmələri qüvvəyə minəcək. Üçüncü ölkələrdən idxal olunan maşınların gömrük rəsmiləşdirməsi proseduruna da şamil ediləcək yeni qaydalar səbəbindən, Ermənistanda maşın idxalı və satışı sahəsində çalışan 20 minədək insan iş yerlərini itirəcəklər.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın nüfuzlu “Jamanak” qəzeti yazıb.

Qeyd olunur ki, yeni qanun işə düşən kimi ABŞAvropa İttifaqından idxal edilən maşınların qiyməti dərhal kəskin bahalaşacaq. Əgər indi maşınlar gömrük rüsumu qiymətinə rəsmiləşdirilirsə, 2020-ci ilin yanvarından etibarən onlar mühərrikin həcminə uyğun gömrük rəsmiləşdirməsindən keçəcəklər.

“Məsələn, 7 illik və daha köhnə maşınların gömrük rəsmiləşdirməsi bir kubsantimetr üçün 1,8 avro təşkil edəcək. Ən minimum hesablamalara əsasən, Ermənistanda maşınların idxalı və satışı sferasında 15-20 min insan işləyir. Və bu o deməkdir ki, bu qədər insan işsiz qalacaq” – qəzet yazıb.

Həmçinin vurğulanıb ki, Ermənistanda əhalinin 30 faizinin yoxsulluq həddində yaşadığını nəzərə alan İrəvandakı Nikol Paşinyan hökuməti kütləvi işsizliyin səbəb olacağı etirazlardan ehtiyat edərək, ən azı Ermənistana tətbiq olunan istisna müddətinin daha 5 il uzadılması üçün Avrasiya İqtisadi İttifaqının müvafiq orqanlarına müracət etməyə hazırlaşır.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   Avrasiyaİqtisadiİttifaqı