Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə!

Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə!
  21 Fevral 2019    Oxunub:2107
Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 24-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcək.
DİM-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan binasında aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda saat 13:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək.

Bildirilib ki, bu ildən imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 12:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Belə ki, bakalavrların şəkli "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) və ya DİM-in informasiya sistemlərindən götürülərək ayrıca elektron bazaya daxil edilir. İmtahana giriş zamanı isə proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə məlumat verir. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd bakalavrların imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş bakalavrların əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 1-dən 11-dək aparılıb. İmtahanda iştirak üçün 12685 bakalavr ərizə təqdim edib. Onlardan 11503 nəfəri Azərbaycan bölməsi, 1182 nəfəri rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 5508 nəfəri oğlan, 7177 nəfəri isə qızlardır. Bakalavrlardan 7311-i cari ilin, 5374-ü isə əvvəlki illərin məzunlarıdır, 23 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakı şəhərində 33, Gəncə şəhərində 3, Naxçıvan, Mingəçevir və Lənkəran şəhərlərinin hər birində bir binada təşkil olunacaq. Bakıda 10945, Naxçıvanda 293, Gəncədə 946, Mingəçevirdə 282, Lənkəranda 219 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 129 imtahan rəhbəri, 1251 nəzarətçi-müəllim cəlb olunacaq.

Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 15-dən etibarən DİM-in internet saytına daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;
- “İmtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq. Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binaları yoxlanılır, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə fevralın 23-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti