Veteran polislər 1220 cinayətin açılmasında iştirak edib

Veteran polislər 1220 cinayətin açılmasında iştirak edib
  21 Fevral 2019    Oxunub:3083
Fevralın 20-də Bakı şəhər Baş Polis İdarəsində Baş İdarə və tabeli polis orqanlarında fəaliyyət göstərən Veteranlar şuralarının hesabat-yığıncağı keçirilib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbiri Bakı şəhər BPİ rəisinin əməliyyat işi üzrə müavini, polis general-mayoru Elxan Həsənov giriş sözü ilə açıb. “Xocalı” faciəsinin 27-ci ildönümü ərəfəsinə təsadüf edən iclas şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Rəis müavini Elxan Həsənov paytaxt ərazisində ictimai asayiş və təhlükəsizliyin təmin edilməsində polis veteranlarının köməyindən səmərəli şəkildə istifadə edilməsinin DİN və Baş İdarə rəhbəriyi tərəfindən daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri olduğunu bildirib. Cinayətkarlığa qarşı mübarizədə zəngin peşə təcrübəsinə malik olan veteranların köməyi sayəsində müsbət nəticələr əldə edildiyini deyən polis general-mayoru, Bakı sakinlərinin əmin-amanlığı, təhlükəsizliyi məqsədilə polis tərəfindən həyata keçirilən tədbirlərə təsir etdiyini vurğulayıb.



Bakı şəhər BPİ Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Emin Məmmədov ötən il ərzində polis veteranlarının köməyi ilə açılan cinayət işləri barədə məlumat verib. O, Baş İdarə və tabeli ərazi polis orqanları rəislərinin şəxsi heyətlə iş üzrə köməkçiləri, Narkotiklərlə Mübarizə, İctimai Təhlükəsizlik və Dövlət Yol Polisi idarələrinin əməkdaşlarının iştirakı ilə hesabat dövründə təhsil müəssisələrində 412, gənc əməkdaşlarla 353, əhali il 377, ümumilikdə isə 1142 tədbirin keçirildiyini bildirib. Onun sözlərinə görə, veteranların məsləhət və tövsiyələri ilə ötən il 1220 cinayətin, o cümlədən 114 xırda talama faktının açılmasına müvafiq köməkliklər göstərilib. DİN Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Süleymanov da cinayətkarlığa qarşı mübarizədə veteranların təcrübəsindən istifadə olunmasının əhəmiyyətindən danışıb, həmçinin yerlərdə gənc polis əməkdaşları ilə, təhsil müəssisələrində məktəblilərlə görüşlərin keçirilməsi, maarifləndirici, vətənpərvərlik mövzularında tədbirlərin təşkili məsələrinə toxunub. Şura sədri qeyd edib ki, uzun illər nazirliyin fəaliyyətində, ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, gənc əməkdaşların vətənpərvər ruhda formalaşmasında, onlara dövlətə və dövlətçiliyə sədaqət hissinin aşılanmasında polis veteranlarınin üzərinə mühüm vəzifələr düşür.



Bakı şəhər BPİ rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev isə vətənpərvərlik hisslərinin və peşə təcrübəsinin gənc əməkdaşlara aşılanması məqsədi ilə qarşıda duran vəzifələr barədə məlumat verib. Yetkinlik yaşına çatmayanlar arasında narkomaniyaya qarşı mübarizə sahəsində hüquqazidd əməllərin profilaktikasının təmin edilməsi, əhali arasında maarifləndirmə işləri ilə bağlı məhələ yığıncaqlarında polis veteranları ilə görüşlərin təşkil edilməsi, cəmiyyətdə polis haqqında müsbət rəyin formalaşmasında iştirak etmələri, cinayətkarlğa qarşı mübarizədə onların tövsiyə və peşə biliklərindən istifadə olunmsı və digər məsələlər haqqında danışıb.



Tədbir iştirakçılarının diqqətini Xocalı soyqırımına çəkən polis polkovniki Əli Vəliyev xalqımıza qarşı həyata keçirilən faciədən, onun tarixi-siyasi səbələri və nəticələrindən ətraflı bəhs edib, indiki və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşması, bir daha belə halların yaşanmamsı üçün milli birliyin, ictimi təhlükəsizliyin qorunub saxlanılmasının, bundan ötrü də hər bir vetranın, hər bir əməkdaşın ümumi rəhbərlik ətrafında birləşməsinin zəruriliyini vurğulayıb. Tədbirdə həmçinin istefada olan polis polkovnikləri Zakir Əhmədov, Ələsgər Bədəlov, Xalid Səfərəliyev, Maksim Qədirov və başqaları çıxış edərək, polis - vətəndaş münasibətinin, vətəndaş məmnunluğunun, ictimai əlaqələrin yüksək səviyyədə təşkil olunması barədə öz fikirlərini bildirib, təkliflər veriblər.

Azvision.az


Teqlər: DİN   Polis   Veteran  





Xəbər lenti