ABŞ-Çin ticarət sazişinin konturları müəyyənləşib

 ABŞ-Çin ticarət sazişinin konturları müəyyənləşib
  21 Fevral 2019    Oxunub:1786
ABŞ və Çin aralarındakı 7 aylıq ticarət müharibəsinin başa çatması üçün ikitərəfli danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edərək, hətta ticarət mübahisələrindəki ən çətin məsələlərin həlli prinsiplərinin də ehtiva olunacağı sazişin konturlarını müəyyənləşdiriblər.
Azvision.az xəbər verir ki, hazırda Vaşinqtonda davam edən danışıqların gedişi ilə yaxından tanış olan mənbələr bu barədə “Reuters”ə bildiriblər.

Onların sözlərinə görə, hələlik görüşlərdə ABŞ prezidenti Donald Trampın tələbi üzrə Çin iqtisadiyyatında struktur dəyişikləri məsələsi müzakirəyə çıxarılmasa da, martın 1-dək ticarət müqaviləsinin imzalanması şansı yüksəkdir.

Danışıqlarda iştirak edən amerikalı və çinli rəsmilər 6 əsas məsələ - texnologiyaların məcburi ötürülməsi, kiber oğruluq, əqli mülkiyyət hüququ, xidmət, valyuta, kənd-təsərrüfatı və ticarətdə qeyri-tarif baryerlər üzrə anlaşma memorandumları hazırlayıblar. Həmçinin, tərəflər imzalanacaq yeni ticarət sazişində məcburetmə mexanizminin tətbiqi məsələsini də müzakirə edirlər.

Vaşinqtondakı yüksək səviyyəli danışıqlarda Çinin baş nazirinin müavini Liu He, ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer və ABŞ maliyyə naziri Stiven Mnuçin iştirak edirlər.

Qeyd edək ki, Vaşinqton rəsmi Pekini ABŞ şirkətlərinin Çində bizneslə və istehsalla məşğul olmağa, həmçinin, yerli tərəfdaşları ilə öz texnologiyalarını və əqli mülkiyyət sirrlərini paylaşmağa məcbur etməkdə günahlandırır. Lakin Çin rəhbərliyi bu ittihamları rədd edir. Eyni zamanda, Tramp administrasiyası Çindəki sənaye subsisiyaları, dövlət tənzimləmələri, biznes üçün lisenziyia prosedurları, məhsul standartları və digər qeyri-tarif baryerlərə də etiraz edir və bildirir ki, bu cür tədbirlər ABŞ mallarının Çin bazarından sıxışdırılıb çıxarılmasına, yaxud yerli şirkətlərə haqsız imtiyazlar verilməsinə səbəb olur. Vaşinqton həmçinin, Çini öz milli valyutası yuanı bilərəkdən devalvasiya etməklə dollara qarşı rəqabət qabiliyyətini gücləndirməkdə və ixracını artırmaqda ittiham edir.

Vaşinqton 90 gün ərzində Pekinlə əsas ticarət mübahisələrində razılıq əldə edilməzsə, Çin mallarına qoyulan 200 milyard dollarlıq gömrük rüsumlarını daha da artıraraq 10%-dən 25%-ə qaldıracağını bəyan edib. Çinə verilən 90 günlük möhlət martın 1-də başa çatacaq. ABŞ prezidenti Donald Tramp həmin vaxtadək çinli həmkarı ilə görüşməyəcəyini deyib. Mənbələr isə bildirir ki, martda ya Floridada, ya da Pekində Trampla Çin lideri Si Tsinpin arasındakı növbəti görüşün keçirilməsi gözlənilir.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Ticarət   Çin   ABŞ  





Xəbər lenti