Tereza Mey yenidən Brüsselə gedir

Tereza Mey yenidən Brüsselə gedir
  20 Fevral 2019    Oxunub:2063
Böyük Britaniyanın baş naziri Tereza Mey ötən ay parlamentarilər tərəfindən rədd edilən “Brexit” sazişi üzrə Avropa İttifaqı ilə danışıqları yeniləmək ümidilə bu gün yenidən Brüsselə səfər edəcək.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Britaniya baş nazirinin sözçüsü Ceyms Slek deyib. Bildirib ki, Mey Avropa Komissiyasının prezidenti Jan Klod-Yunkerlə danışıqlar aparacaq.

“Meyin başlıca niyyəti Britaniyanın Avropa İttifaqından boşanma sənədinin (“Brexit” sazişi) müddəalarına yenidən baxılması ilə bağlı Brüsseli yola gətirməkdir. Bu prosesin bir hissəsi kimi, baş nazirlə prezident Yunker arasındakı görüş çox əhəmiyyətli olacaq” - Ceyms Slek vurğulayıb.

Lakin Avropa Komissiyası prezidentinin köməkçisi bildirib ki, bu dəfəki danışıqlardan da yeni bir sıçrayış gözlənilmir.

Qeyd edək ki, 29 yanvarda Britaniya parlamenti baş nazir Tereza Meyin təqdim etdiyi “Brexit” üzrə alternativ “B planı”nı, yəni ölkənin Avropa İttifaqından sazişsiz ayrılmayacağına dair təklifini qəbul edib. Lakin bunun qarşılığında Britaniya parlamenti İrlandiya ilə sərhəd məsələsində dəyişikliklər edilməsi üçün baş nazirdən “Brexit” sazişi üzrə Aİ ilə danışıqların davam etdirilməsini tələb edib. Çünki britaniyalı deputatların əksəriyyəti, keçid dövrünün bitdiyi 2020-ci ilədək Londonla Brüssel arasında yeni ticarət müqaviləsi imzalanmasa, Aİ-nın təklif etdiyi xüsusi gömrük mexanizminin əleyhinədirlər. Tereza Mey də öz növbəsində əvvəlki qəti mövqeyindən geri çəkilərək, İttifaqla yeni danışıqlara hazır olduğunu bildirib. Lakin 7 fevraldakı görüşlərdə Brüssel “Brexit” sazişi üzrə danışıqları yeniləməyəcəyini bəyan edib.

“Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Brexit   Britaniya   Avropaİttifaqı  





Xəbər lenti