“Bağlı qapını döyməyəcəyik” – Putindən mesaj

  20 Fevral 2019    Oxunub : 972
 “Bağlı qapını döyməyəcəyik” – Putindən mesaj
Rusiya tərksilah mövzusu ilə bağlı ABŞ-la danışıqlara hazır olsa da, daha bağlı qapını döyməyəcək və Vaşinqtonun bu məsələyə dair bərabərhüquqlu dialoqun vacibliyini dərk etməsini gözləyəcək.
Azvision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün Federal Yığıncağa (Rusiya parlamenti) ənənəvi illik müraciətində deyib. Bildirib ki, son illər ABŞ-ın Rusiyaya münasibətdə yürütdüyü siyasəti, çətin ki, dostcasına adlandırmaq olar.

“Rusiyanın qanuni maraqlarına məhəl qoyulmur, mütəmadi şəkildə müxtəlif növ anti-Rusiya aksiyaları təşkil edilir. Vurğulamaq istəyirəm ki, bizə qarşı beynəlxalq hüquq nöqteyi-nəzərindən tamamilə heç bir əsası olmayan yeni sanksiyalar tətbiq edilir. Son onillikdə beynəlxalq təhlükəsizliyin müqavilə-hüquq bazası praktiki olaraq tamamilə və birtərəfli qaydada sökülür. Bununla belə, Rusiyanı az qala ABŞ üçün başlıca təhdid adlandırırlar. Düzünü deyəcəm - bu, yalandır. Rusiya ABŞ-la bərabər, tamhüquqlu və dost münasibətlərinə malik olmaq istəyir. Rusiya heç kəsi təhdid etmir, təhlükəsizlik sahəsindəki bütün davranışlarımız isə yalnız cavab, yəni müdafiə xarakteri daşıyır. Biz, tərksilah mövzusunda danışıqlara hazırıq. Lakin daha bağlı qapını döyməyəcəyik və partnyorlarımızın bu mövzuya dair bərabərhüquqlu dialoqun vacibliyini dərk etməsini, yetkinləşməsini gözləyəcəyik”, – deyə Putin vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Rusiya   FederalYığıncaq   ABŞ