“Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir” - Prezident

  20 Fevral 2019    Oxunub : 1722
 “Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir” - Prezident
Azərbaycanın qaz ehtiyatlarına gəldikdə, təsdiq edilmiş ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Əlbəttə ki, “Şahdəniz” Azərbaycanın əsas qaz yatağıdır. Lakin, eyni zamanda, hazırda istismar prosesində olan digər yataqlar da var və düşünürəm ki, tezliklə biz “Abşeron” yatağından yaxşı nəticələr əldə edəcəyik. Əminəm ki, ən yaxın gələcəkdə biz oradan qaz hasil etməyə başlayacağıq.
Azvision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında deyib. Dövlətimizin başçısı qeyd edib ki, Böyük qaz ehtiyatına malik “Ümid”, “Babək” yataqları və digər yataqlar da çox ümidvericidir:

"Ona görə də mən əminəm ki, “Şahdəniz” Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyi olmayacaq və yataqlarımızdan nə qədər çox qaz hasil edilsə, tərəfdaşlarımızı təchiz etmək və haqqında danışdığımız təchizat şəbəkəsini şaxələndirmək üçün daha çox potensial olacaq. Əlbəttə ki, enerji əməkdaşlığı layihələri digər sahələrdəki əməkdaşlıqda da çox mühüm rol oynayır. Mən xüsusilə nəqliyyatı qeyd edərdim. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri bizim ölkəmizin ərazisindən keçir. Biz müasir nəqliyyat infrastrukturuna böyük həcmdə investisiya yatırmışıq. Bakı dəniz limanı, Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, magistral yollar, Xəzər dəniz gəmiçiliyi, hava limanları - bütün bunlar bizim neft və qaz satışından əldə etdiyimiz gəlirlər sayəsində mümkün olub.

Beləliklə, biz gəlirləri əlavə gəlir gətirəcək və ümumi işə xidmət edəcək sektorlara yönəltmişik. Çünki nəqliyyat layihələri, eləcə də enerji layihələri ölkələri birləşdirir. Ölkələr əlaqəli, qarşılıqlı şəkildə bir-birindən asılı olur və hər kəs mənfəət əldə edir. Ona görə də biz enerji təhlükəsizliyi layihələrinin faydasını digər sahələrdə görürük.

Əlbəttə ki, Azərbaycanın uğurlu enerji inkişafı bizə özümüzü dünyaya etibarlı ölkə, etibarlı tərəfdaş, xarici investisiyaları 100 faiz qoruyan ölkə kimi təqdim etməyə imkan verib. Bizim enerji şirkətləri ilə bütün müqavilələrimiz parlament tərəfindən ratifikasiya olunur və qüvvəyə minir. Bu səbəbdən də investorlar 100 faiz əmin olurlar ki, bu müqavilələrdə bir söz belə dəyişdirilməyəcək. Bu, etimad yaradır. Bu, həmçinin bizə digər sektorlara milyardlarla investisiya cəlb etməyə imkan verib".

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycana yatırılmış investisiyaların ümumi həcmi 250 milyard dollara yaxındır: "Bunun yarısı xarici investisiyalardır. Bu, bizə iqtisadiyyatımızı şaxələndirməyə, islahatları uğurla həyata keçirməyə, yaxşı biznes mühiti yaratmağa imkan verib. Dünya Bankının sonuncu “Doing Business” hesabatına əsasən Azərbaycan 25-ci yerdədir. Beləliklə, biz möhtəşəm uğur qazanmışıq və biznes mühiti nöqteyi-nəzərindən 10 ən islahatçı ölkədən biriyik".

Azvision.az

Teqlər: İlham-Əliyev   Prezident