Su üzərində xarüqələr yaradan xanım - FOTOREPORTAJ

  20 Fevral 2019    Oxunub : 6345
 Su üzərində xarüqələr yaradan xanım - FOTOREPORTAJ
Son vaxtlar dünyanın bir çox ölkələrində yayılan Ebru sənətinin tarixi 9-cu əsrə gedib çıxır. Ebru fars sözü olub, ab-ru suyun üzü, eb-ri isə buluda bənzər deməkdir. Qədim türk sənəti olan ebru fərziyyələrə görə, Orta Asiyada, Buxarada yaranıb. Bu sənət Azərbaycanda da inkişaf etməyə başlayıb.
12-ci əsrdə yaşamış dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məşhur “Xosrov və Şirin” poemasında “Şapurun Şirini tərifi və Xosrovun ona aşiq olması” hissəsində ebru sənətindən bəhs etməsi və su üstündəki naxış sənətini incə, zərif iş adlandırması buna bariz nümunədir.

Şapur adlı ona yaxın bir adam
Məğribdən Lahura gəzmişdi tamam.
Nəqşində Maninin şöhrəti vardı,
Rəsmində Iqlidis qüdrəti vardı.
Zirəк, şəкil çəкən, qələmi iti,
Xəyalən çəкərdi min bir surəti.
İncə, zərif işdə xeyli pərgardı,
Suların üstündə naxış salardı.


15-16-cı əsrlərdə İpək yolu vasitəsilə Türkiyəyə gələn bu sənət növünə hazırda böyük diqqət var.

Biz də oxucularımızın marağını nəzərə alaraq, ebruzən Sevinc Əliyevanın emalatxanasında qonaq olduq. Onun sözlərinə görə, Azərbaycanda bu sənət növünün daha da inkişaf etməsi və ənənəvi ebru sənətinin yaşadılması üçün əlindən gələni etməyə çalışır.

Ebruzən bildirib ki, tamamilə təbii materiallar əsasında işlənən ebru sənətində rəsmlər qatılaşdırılmış su üzərində hazır formaya salınır: “Torpaqdan hazırlanan boyalar mərmər üzərində 4-5 saatadək əzilir. Daha sonra onun içinə öküz ödü qatılır. Bu, boyanı həm incəldir, həm də onun suyun üzərində qalmasına imkan verir. Sonda suyun üzərinə boyalar yaşlı at quyruğundan və qızıl gül budağından hazırlanan fırça vasitəsilə səpilir. Rəsmi əldə etmək üçün əvvəlcə alt fon hazırlanır, suyun üzərinə kiçik damcılar tökülür. Sənətkar xüsusi biz vasitəsilə damcılardan müxtəlif formalar yaradır. Nəticədə rəngarəng sənət əsəri ərsəyə gəlmiş olur. Son mərhələdə təknənin üzərinə kağız qoyularaq əks etdirilir. Beləliklə, boyalar vasitəsilə daxili aləmini canlı suya əks etdirmiş olursan və yaratdığın rəsmi kağız üzərində əbədiləşdirirsən. Kağızın keyfiyyətindən asılı olaraq, boyalar əsrlərlə rəngini dəyişmədən və solmadan yaşaya bilər”.

























FOTO: Şahin Sərdarov
Azvision.az

Teqlər: Ebru-Sənəti