Naxçıvanda təhsilin nəticələri ölkə üzrə rekord qırdı- Statistika

Naxçıvanda təhsilin nəticələri ölkə üzrə rekord qırdı-  Statistika
  20 Fevral 2019    Oxunub:3888
Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində qazanılan bəzi nəticələr ölkə üzrə ümumi göstəricidən yüksəkdir.

Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzinin 2018-ci ildə ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair hazırladığı elmi-statistik təhlillər bunu bir daha təsdiq edir. Təhlildən görünür ki, muxtar respublikanın ümumtəhsil məktəbləri 2018-ci ili uğurla başa vurub, ümumi və tam orta təhsil bazası üzrə keçirilən buraxılış imtahanlarında ayrı-ayrı fənlər üzrə yüksək nailiyyətlər əldə olunub.

Belə ki, ötən il ümumi orta təhsil bazası üzrə IX siniflərin buraxılış imtahanında Azərbaycan dili fənnindən ölkə üzrə orta göstərici 47,5 faiz olduğu halda, muxtar respublika üzrə bu göstərici 48 faiz, riyaziyyat fənnindən ölkə üzrə orta göstərici 36,4 faiz, muxtar respublika üzrə isə 37,2 faiz olub.



Tam orta təhsil bazası üzrə keçirilən buraxılış imtahanlarının nəticələri də uğurlu olub. Belə ki, muxtar respublikanın XI sinif məzunları buraxılış imtahanlarının nəticələrinə görə ölkə üzrə ilk pillədə qərarlaşıblar. Ötən il XI siniflərin buraxılış imtahanında ölkə üzrə orta göstərici 66,9 faiz, muxtar respublika üzrə isə 76,1 faiz təşkil edib.

Fənlər üzrə göstəricilərə nəzər saldıqda aydın olur ki, Azərbaycan dili üzrə ölkə göstəricisi 58 faiz olduğu halda, muxtar respublika üzrə 65,4 faiz, riyaziyyat üzrə ölkə göstəricisi 56 faiz olduğu halda, muxtar respublika üzrə 63 faiz, xarici dil üzrə ölkə göstəricisi 49,1 faiz olduğu halda, muxtar respublika üzrə 54 faiz olub.



Ötən il ümumtəhsil məktəblərini bitirən məzunlardan 2519-u ali təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verib, onlardan 1781-i, yaxud 71 faizi tələbə adını qazanıb. Ali məktəblərə qəbul olan şagirdlərdən 331-i 500-700 arasında bal toplayıb, onlardan 6-sı Prezident təqaüdünə layiq görülübdür. Məzunlardan 13-ü qızıl, 11-i gümüş medal, 151-i isə fərqlənmə attestatı alıb.

Ali məktəblərə qəbul olan məzunlardan 658-i pedaqoji profilli ixtisasları seçib ki, bunlardan da 125-i 500-700 arası bal toplayıb. Biri isə Prezident təqaüdçüsüdür. Yaradılan şəraitin nəticəsidir ki, tələbə adını qazanmış məzunlardan 1196-sı muxtar respublikada fəaliyyət göstərən ali məktəblərdə təhsil almağa üstünlük veriblər.

Azvision.az


Teqlər: Naxçıvan   Təhsil  





Xəbər lenti