Lavrov Qarabağ haqqında: “Yeni təmaslara hazırlıq gedir”

  19 Fevral 2019    Oxunub : 2629
 Lavrov Qarabağ haqqında: “Yeni təmaslara hazırlıq gedir”
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmsı üzrə Minsk qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri ATƏT-lə sıx əlaqədə işləyirlər.

Azvision.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla görüşünün yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Lavrov bildirib ki, münaqişə tərəflərilə davamlı görüşlər keçirən həmsədrlər yeni təmasların təşkilinə hazırlaşırlar.

“Onlar (Minsk qrupunun həmsədrləri) artıq Ermənistan və Azərbaycan liderləri və xarici işlər nazirləri ilə görüşlər keçiriblər, indi də yeni təmaslara hazırlıq gedir. Nəzərə alsaq ki, Ermənistanda yeni hökumət hələ bu yaxınlarda formalaşıb, onda sözsüz ki, indiki mərhələdə nizamlanma prosesini nə qədər dərin və intensiv inkişaf etdirə biləcəyimizi anlamaq üçün hansısa əlavə vaxt tələb olunacaq” – Lavrov vurğulayıb.

Rusiya XİN rəhbəri, həmçinin qeyd edib: “Həm Minsk qrupunun həmsədrləri, həm də ATƏT sadəcə dialoq üçün şəraitin yaradılmasına kömək edə bilərlər. Münaqişənin həllinə dair qərar isə, əlbəttə ki, münaqişə tərəfləri arasındakı birbaşa söhbət və danışıqlarda qəbul olunmalıdır.”

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   DağlıqQarabağ   Azərbaycan   Rusiya   ATƏT   Minskqrupu