Dünya klassikası Azərbaycan oxucusuna daha yaxın olacaq

Dünya klassikası Azərbaycan oxucusuna daha yaxın olacaq
  18 Fevral 2019    Oxunub:2503
Mirzə Ələkbər Sabir Fondu dünya klassiklərinin yaradıcılığına xitabən  özünün yüksək mənəvi-əxlaqı dəyərlərinə görə dünya çapında  əhəmiyyət kəsb edən parlaq nümunələri Azərbaycan oxucusuna daha yaxın etmək üçün yeni bir layihəyə start verib.

Mərkəzi Elmi Kitabxanada  baş tutan  layihənin təqdimat tədbirində ziyalılar,  yazıçılar, elm adamları,  vətəndaş cəmiyyətinin ictimai fəalları, jurnalistlər, mətbuat nümayəndələri, müəllimlər, tələbələr iştirak edirdilər.

Professor Buludxan Xəlilov ART-Motiv adlanan bu layıhənin Azərbaycanda bir ilk olduğuna diqqəti çəkərək, dünya ədəbiyyatının motivasiyaedici  nümunələrinin  - Qabriel Qarsia Markezin “ Vida məktubu”, Maxatma Qandinin ”Dua”,  “Avraam Linkolnun oğlunun müəlliminə məktubu”,  Antuan de Sent Ekzüperinin “Dua” və s.) daha yaxından tanıdılması və sevdirilməsi ilə yanaşı, yaş həddi olmadan hər kəsin, xüsusilə formalaşmaqda olan gənclərin mənəvi dünyasının  daha  da  zənginləşməsi üçün nəzərdə tutulduğunu qeyd etdi. Belə nümunələrin cəmiyyətdə oynayacağı rolun böyüklüyündən  danışdı.

Daha sonra layihənin ideya müəllifi və rəhbəri Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli söz  alaraq əsas  məqsədin  yeni texnoloji imkanların və effektlərin  qazandırdığı üstünlüklərdən yararlanaraq  təqdim olunan nümunələrin təsir gücünü bir qədər də artırmaq, bununla da cəmiyyətin hər bir üzvünün həyata baxışlarının daha aydın, daha işıqlı, daha keyfiyyətli, cəmiyyətin və dövlətimizin  maraqlarına uyğun olaraq   daha pozitiv  notlarda köklənərək ən doğru istiqamətə yönəlməsinə kömək etmək olduğunu vurğuladı.

Layihədə təqdim oluan video materialların texniki həllini həyata keçırən rejissor Namiq Zeynalov sözün, səsin və vizual effektlərin harmoniyasını necə  yaratmağa çalışdığı barədə danışdı.

Layihənin  4 video materialının  nümayişindən sonra  çıxışlarda yer alan AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, katibi Nərgiz Xələf, tanınmış şair- sosioloq Əhməd Qəşəmoğlu, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü Azər Həsrət, Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova, Azərbaycan  Respublikası  Diasporla iş  üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru İsrail İsgəndərov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni,  filoloq Firudin Qurbansoy, jurnalist Zərnişan Turan , BDU-nun professoru Fəraət Əhmədova söz aldı. Çixişçıların hər biri materialların təqdimat üslubunun  çox təsirli olduğunu, məzmunun belə təqdimatda  verilməsinin  duyğu vasitələrinə xitab etdiyindən  daha qalıcı və düşündürücü olduğu  fikrini vurğuladılar. Mütaliənin gözəl  bəhrələnmə   mənbəyi olduğunu  bilməyimizə rəgmən   vaxt azlığının  və texnoloji dövrün yaratdığı bəzi  yaşam dəyişiklikləri  dövründə dəyərli və eyni zamanda  motivasiyaedici ədəbiyyat nümunələri ilə tanışlığın bu şəkildə həllinin tapılması çox təqdirəlayiq bir addım kimi dəyərləndirildi.

Həmçinin yaradıcı heyəti bu təşəbbüsü  dayanmadan inkişaf etdirməyə  və bu  materialların sayını daha da  artırmağa səslədilər. Orta məktəbin ədəbiyyat  müəllimi Həbibə Sarıbəyli  yeniyetmələrin ədəbiyyata  maraq  və sevgisini artırmaq üçün  məmnuniyyətlə bu materialların dərs  prosesində  tətbiqinə ilk olaraq  başlayacağını və onun effektiv təsir yaradacağına  indidən  əmin olduğunu söylədi.

Çıxışçılar, hər biri 3-4 dəqiqə olan bu video çarxların,  mənəvi sağlam və düzgün həyat tərzinin aşılanması üçün çox gözəl bir töhfə olduğunu səsləndirdirərək  ölkənin televiziya  kanallartında  yaymlanmasının labüd olduğunu xüsusi vurğuladılar.




Teqlər:





Xəbər lenti