İqtisadiyyata investisiya qoyuluşu azalıb

  18 Fevral 2019    Oxunub : 852
İqtisadiyyata investisiya qoyuluşu azalıb
2019-cu ilin yanvar ayında Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 868,7 mln. manat və yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,5% az vəsait yönəldilib. Sərf edilmiş vəsaitin 74,3%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.
Azvision.az -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 1,2%, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 1,9% artıb.

Ümumi sərmayənin 66,7%-i məhsul istehsalı obyektlərinin, 23,1%-i xidmət sahələri üzrə obyektlərin, 10,2%-i isə ümumi sahəsi 130,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 66,6%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 84,1%, əhalinin şəxsi vəsaitləri 5,9%, bank kreditləri 5,1%, büdcə vəsaitləri 4,1%, büdcədənkənar fondların vəsaitləri isə 0,8% təşkil edib.

2019-cu ilin yanvar ayında Bakı şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu kimi mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Azvision.az

Teqlər: İqtisadiyyat