Polşa ilə İsrail arasında "soyqırım böhranı"

Polşa ilə İsrail arasında "soyqırım böhranı"
  18 Fevral 2019    Oxunub:1976
Polşanın baş naziri Mateuş Moraveçkiy bəyan edib ki, sabah Qüdsdə keçiriləcək IV İsrail-“Vışeqrad qrupu” ölkələri (Polşa, Çexiya, Macarıstan və Slovakiya) sammitində Polşa iştirak etməyəcək və ölkəni sammitdə heç bir rəsmi nümayəndə təmsil etməyəcək.
Azvision.az xəbər verir ki, Moraveçkiy bu qərarın israilli rəsmilərin Polşa əleyhinə səsləndirdikləri irqçi bəyanatlara layiqli cavab olduğunu deyib.

“Mən qərara gəldim ki, XİN rəhbərimiz də görüşdə iştirak etməyəcək. Çünki bizim üçün tarixi həqiqət fundamental əhəmiyyət daşıyır. Biz diplomatiyada irqçi ritorikanın istifadəsi ilə razılaşa bilmərik. Biz dünyanın hər yerində polşalıların şərəfini müdafiə edəcəyik” – baş nazir Moraveçkiy vurğulayıb.

Onu da bildirib ki, “Vışeqrad qrupu”nun digər üzvləri rəsmi Varşavanın bu qərarına hörmətlə yanaşdıqlarını deyiblər.

Qeyd edək ki, İsrailin xarici işlər naziri Yisrael Katz İkinci Dünya Müharibəsi illərində Polşanı yəhudilərə qarşı düşmənçilikdə ittiham edərək “polşalılar ana südü ilə birlikdə yəhudi düşmənçiliyi də içiblər” deyib. İsrailin baş naziri Benyamin Netanyahu isə polşalıları nasistlərlə əməkdaşlıqda ittiham edib. Məsələ ilə bağlı artıq İsrailin Varşavadakı səfiri Polşa XİN-ə çağırılaraq rəsmi etiraz bildirilib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Polşa   Vışeqradqrupu   İsrail  





Xəbər lenti