SOCAR prezidentin açılış etdiyi zavodla bağlı məlumat yaydı

  18 Fevral 2019    Oxunub : 1410
 SOCAR prezidentin açılış etdiyi zavodla bağlı məlumat yaydı
Sumqayıtda “SOCAR Polymer”in bu gün istismara verilən yüksək sıxlıqlı polietilen zavodu ölkə daxilində yüksək sıxlıqlı polietilenə tələbatı tam təmin edəcək, məhsulun 75 faizi xarici bazarlara ixrac olunacaq.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin məlumatında bildirilib.

Qeyd olunub ki, fevralın 18-də Sumqayıt Kimya Sənaye Parkı ərazisində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “SOCAR Polymer” layihəsi çərçivəsində yüksək sıxlıqlı polietilen zavodunun təntənəli açılışı olub.

Zavodun istismara verilməsi indiyə qədər ölkəyə idxal edilən yüksək sıxlıqlı polietilen məhsuluna tələbatı tam ödəməyə imkan yaradacaq. İlkin proqnozlara görə, “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. Zavodların istismar dövründə 6,6 milyard dollar həcmində gəlir gətirəcəyi gözlənilir ki, bunun da 30 faizini şirkətin xalis mənfəəti təşkil edəcək.



Bundan əlavə, istismar müddətində “SOCAR Polymer” tərəfindən dövlət büdcəsinə ümumilikdə 600 milyon dollar həcmində verginin ödənilməsi nəzərdə tutulur. SOCAR-ın yeni sənaye kompleksinin fəaliyyətə başlaması ilə daxili bazarın tələbatı tam təmin olunacaq və məhsulun 75 faizi isə Türkiyə və Avropa bazarlarına ixrac ediləcək.

“SOCAR Polymer” zavodlarının inşaat işlərinin pik həddində burada 3500 nəfərə yaxın insan çalışıb. İstismar müddətində zavodlarda 500 nəfər daimi işçi çalışacaq. İnşaat zamanı əmək normalarının tələblərinə maksimum dərəcədə riayət edilib, 18,5 milyon adam-saatdan çox iş həcmi tam təhlükəsizlik şəraitində yerinə yetirilib. İlkin hesablamalara görə, kompleksin istehsalat gücünə çatması ilə ölkənin qeyri-neft sektorunun ixrac gəlirləri 18%, Abşeron iqtisadi rayonunda ümumi daxili məhsulun həcmi isə 14% artacaq.



“SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış ilk şirkətdir. Şirkətin səhmdarları SOCAR (52,2%), "Vitol" (19%), "Paşa Holding" (9,9%), "Ecoland" (9,8%), "Polimer Investments" (5%) və AKKIK (4,1%) şirkətləridir. Layihənin icrasında “Maire Tecnimont”, FLUOR, "LyondellBasell", INEOS, "Golder Associates" kimi tanınmış dünya brendləri ilə əməkdaşlıq edilib. Layihənin investisiya dəyərinin 60%-i Rusiyanın “Qazprombank”ından cəlb edilmiş vəsait hesabına ödənilib.

Xatırladaq ki, “SOCAR Polymer” şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə 2013-cü ildə təsis edilib. 2015-ci il oktyabrın 25-də Prezident İlham Əliyevin iştirakı ilə yeni texnologiyalara əsaslanan “SOCAR Polymer” zavodlarının təməli qoyulub. “SOCAR Polymer” layihəsi çərçivəsində inşa olunan polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də olub. Həmin mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella da iştirak ediblər. Polipropilen zavodundan ixrac edilmiş ilk məhsul ötən ilin oktyabr ayında Türkiyəyə yola salınıb.





Azvision.az

Teqlər: SOCAR   Zavod