İlk dəfə müsəlman prezident “erməni soyqırımı” ifadəsini işlətdi

İlk dəfə müsəlman prezident “erməni soyqırımı” ifadəsini işlətdi
  18 Fevral 2019    Oxunub:3096
Misir prezidenti Əbdül Fəttah əs-Sisi Almaniyada keçirilən Münhen Təhlükəsizlik konfransında çıxışı zamanı terrorrizm və təhlükəsizlik problemlərindən bəhs edərkən Osmanlı imperiyası zamanı “törədilən” “erməni soyqırımı”na toxunub.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə ərəbşünas erməni ekspert Araks Paşayan “Facebook” səhifəsində yazıb.

Qondarma və heç bir tarixi fakta əsaslanmayan “eməni soyqırımı” barədə danışdıqdan sonra əs-Sisi bildirib ki, ermənilər artıq onilliklər boyu Misirdə təhlükəsiz şəkildə yaşayırlar.

“Müsəlman bir ölkənin lideri kimi ilk dəfədir bu qədər açıq danışıram. Ərəb və Afrika dünyasındakı qeyri-sabitlik Misirə birbaşa təsir edir. Burada bir məsələni gündəmə gətirmək istəyirəm. Xarici döyüşçüləri ərəb dünyasına soxan kimdir? Onlara silah, təlim və pul verən kimdir? Xarici döyüşçülərin Suriyaya asanlıqla girmələrinə icazə verən kimdir? Misir regiondakı münaqişələr üzündən evlərini tərk edən 5 milyon qaçqına sığınacaq verib. 100 il əvvəlki soyqırımdan qaçan ermənilərə də biz sığınacaq vermişdik. Sonra ermənilər ölkəmizdə sülh və təhlükəsizlik şəraitində yaşadılar. Bu gün də ərəb və afrikalı qaçqınları qəbul edirik və onlardan heç biri qaçqın düşərgəsində qalmır, misirlilər kimi yaşayıb, işləyə bilirlər. Kimsədən də onlara yardım etmək üçün kömək istəmirik” – Misir prezidenti vurğulayıb.

Bununla da, Əbdül Fəttah əs-Sisi uydurma “erməni soyqırımı” mövzusuna beynəlxalq səviyyədə toxunan ilk müsəlman-ərəb lideri olub. Müsəlman bir dövlətin başçısının siyasi təzyiq məqsədi güdən bu çıxışı türklər tərəfindən qəzəblə qarşılanıb.

Qərb mediası yazır ki, Sisi ad çəkməsə də, xarici döyüşçülərə dəstək verənin Türkiyə olduğuna işarə edib və Ankaradan fərqli olaraq, suriyalı qaçqınların saxlanması üçün Misirin başqa ölkələrdən maliyyə yardımı istəmədiyinə diqqət çəkib.

Hələ 2016-cı ilin yayında Misir deputatları qondarma “erməni soyqırımı”nın ölkə parlamenti tərəfindən tanınmasına çalışmışdılar. Onlar bu yolla Türkiyənin Misirə qarşı düşmənçilik siyasətinə və ölkənin daxili işlərinə müdaxilə etmək cəhdlərinə cavab verəcklərini bildirirdilər.

Qeyd edək ki, rəsmi Ankara Misir hakimiyyətini Türkiyədə dövlət çevrilişinə cəhd edən FETÖ terror təşkilatının üzvlərini dəstəkləməkdə, Misir isə Türkiyəni ikili standartlarda və “Müsəlman Qardaşları”nı dəstəkləməkdə günahlandırır.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Misir   “emənisoyqırımı”   Türkiyə  





Xəbər lenti