Trampın “Nobel” yalanı üzə çıxdı

 Trampın “Nobel” yalanı üzə çıxdı
  18 Fevral 2019    Oxunub:1836
Yaponiya baş naziri Şinzo Abe 2018-ci ilin payızında məhz rəsmi Vaşinqtonun xahişi ilə ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.

Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın ən nüfüzlu qəzetlərindən olan “Asahi Shimbun” yazıb.
Trampın 15 fevraldakı çıxışında səsləndirdiyi iddialara istinad edən qəzet bildirir ki, Abe Trampın namizədliyini heç də ABŞ prezidentinin 2018-ci ilin iyununda Şimali Koreya ilə sülh danışıqlarına başlamasına görə yox, sadəcə ABŞ hökumətindən belə bir xahiş daxil olduğu üçün irəli sürüb.

Tramp isə Ağ Evdəki mətbuat konfransında bəyan etmişdi ki, Yaponiya baş naziri bu addımı məhz ilk dəfədir ki, fəaliyyətdə olan bir ABŞ prezidentinin Pxenyanla gərginliyin azaldılması üçün rəsmi və təkbətək danışıqlara başladığına görə atıb və Şinzo Abe namizədlik barədə 5 səhifəlik “ən gözəl nüsxəni” ona təqdim edib.

Yayılan xəbərə münasibət bildirən Yaponiya Xarici İşlər Nazirliyi iki ölkə liderləri arasındakı əlaqəni şərh etməyəcəyini deyib. Şinzo Abe özü isə parlamentdəki çıxışında iddialarla bağlı açıqlama verərək, “Nobel Komitəsinin təklif irəli sürənlərin və namizədlərin adının 50 il müddətinə gizli saxlanılması siyasəti çərçivəsində şərh verməkdən imtina edirəm” deyib.

Ağ Ev isə hələ ki, məsələ ilə bağlı heç bir reaksiya verməyib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Nobel   Yaponiyia   ABŞ  





Xəbər lenti