Səudiyyə ilə Pakistan 20 milyardlıq müqavilə imzaladı

 Səudiyyə ilə Pakistan 20 milyardlıq müqavilə imzaladı
  18 Fevral 2019    Oxunub:2356
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman İslamabada 2 günlük səfəri çərçivəsində Pakistanla 20 milyard dollarlıq investisya müqaviləsi imzalayıb.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Məhəmməd bin Salman özü “Arabiya” telekanalının efirində bəyan edib. Müqavilənin imzalanma mərasimində Pakistanın baş naziri İmran xan və hökumətin digər nazirləri də iştirak ediblər.

“Pakistan gələcəkdə çox vacib ölkə olacaq və biz də bunun bir parçası olacağımıza əmin olmaq istəyirik” - Məhəmməd bin Salman deyib.

Vəliəhd şahzadənin rəsmi Ər-Riyadın adından imzaladığı bu müqavilə ilə Pakistanın neft-kimya, mədən sənayesi, enerji istehsalı, bərpa olunan enerji layihələri, gənclər və idman sahəsi, həmçinin, xidmət və bank sektoruna ümumilikdə 20 milyard dollar məbləğində sərmayə yatıracaq.

Bundan əvvəl Çin-Pakistan İqtisadi Dəhlizi layihəsinə qoşulan Səudiyyə Ərəbistanı layihənin son nöqtəsi olan Qvadar limanında 10 milyard dollarlıq neft emalı zavodunun tikintisini öz boynuna götürmüşdü.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsinin Pakistandan sonra Hindistan və Çinə də səfərləri nəzərdə tutulub

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   Pakistan  





Xəbər lenti