Ötən mövsüm 232,2 min ton pambıq istehsal olunub

  15 Fevral 2019    Oxunub : 841
Ötən mövsüm 232,2 min ton pambıq istehsal olunub
Ötən mövsüm ölkə üzrə 232,2 min ton pambıq istehsal olunub. Bu rəqəm inişil 207,5 min ton olmuşdur. Beləliklə, məhsul istehsalı 11,9 faiz artıb.
Bu barədə Azvision.az -a Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzindən məlumat verilib.

Bildirilib ki, pambıq sahələrində məhsuldarlıq 2017-ci ildə hektara 15,3 sentner, 2018-ci ildə isə 17,5 sentner təşkil edib.

İxraca gəldikdə, 2017-ci ildə pambıq lifi ixracı 33,8 milyon dollar, 2018-ci ildə 80,5 milyon dollar olub və 2,4 dəfə artım qeydə alınıb. Eyni zamanda, ötən il 23,7 milyon dollar pambıq ipliyi ixrac olunub ki, bu da inişilki göstəricidən (15,9 milyon dollar) 1,5 dəfə çoxdur.

Ötən il Azərbaycanda 22 rayonda 132 min 512 hektarda pambıq əkini aparılıb.

Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur.

Azvision.az

Teqlər: Pambıq