Kənddə müəllim işləyən bakılı qız: “600 manat maaş alıram” - FOTOLAR

  14 Fevral 2019    Oxunub : 47869
 Kənddə müəllim işləyən bakılı qız: “600 manat maaş alıram” - FOTOLAR
Azərbaycanın ucqar kənd məktəblərində dərs deyən gənc müəllimlərdən biri də Nigar Bəşirovadır. 24 yaşlı Nigar Bakıda doğulub boya-başa çatsa da, müəllimlik kariyerasına Qubanın Qəçrəş kənd məktəbində başlayıb. Fərqli mühit, kənd həyatının çətinliklərinə baxmayaraq, o, işinə böyük sevgi ilə yanaşır.
Azvision.az -ın məlumatına görə, 24 yaşlı N.Bəşirova Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunudur. 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında yüksək bal (52) toplayaraq kənd məktəbini seçib.

O, bu addımını kəndlərdə gənc kadrlara, yeni nəfəslərə daha çox ehtiyac duyulması ilə əsaslandırır: “Ucqar kəndlərdə gənc müəllimlərə daha çox ehtiyac var, çünki onlar getdikləri yerlərə yeni nəfəs gətirirlər. Uşaqların uğurlarında az da olsa pay sahibi olmaq mənə sevinc verir”.



N.Bəşirova çalışdığı məktəbin adını daşıyan Şahmərdanovlar ailəsinin evində kirayə qalır. “İstər məktəbdə şagirdlərin, istərsə də kənddə insanların bizə qarşı münasibəti yaxşıdır. Pedaqoji fəaliyyətimi burada davam etdirmək niyyətindəyəm. Aldığım məvacib məni qane edir. Həvəsləndirmə ilə birlikdə təxminən 600 manata yaxın maaş alıram, 70 manat kirayə haqqı verirəm. Dərsdənkənar şagirdlərin bir neçəsini ali təhsil müəssisəsinə hazırlaşdırıram və nəticələri məni qane edir. Gələcəkdə magistr təhsili almaq istəyirəm”.







Aytən Zəhra
Foto: Şahin Sərdarov

Azvision.az

Teqlər: Quba   Məktəb   Müəllim