“MİDA”da ötən ilin yekunları müzakirə edilib

“MİDA”da ötən ilin yekunları müzakirə edilib
  12 Fevral 2019    Oxunub:2003
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının 2018-ci ilin yekunlarına həsr olunan iclası keçirilib.
Agentliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Müşahidə Şurasının sədri Çingiz Qədimov ötən il dekabrın 26-da Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal yaşayış kompleksinin açılışında iştirakını və yeni yaşayış kompleksinin təməlinin qoyulmasını 2018-ci ilin yadda qalan hadisələrdən biri kimi dəyərləndirib.

İclasın gündəliyinə uyğun olaraq, ilk növbədə “MİDA” MMC-nin direktoru Fərhad Təhməzovun ötən il ərzində cəmiyyət tərəfindən görülən işlərin yekunlarına dair hesabatı dinlənilib. Məlumat verilib ki, keçən il sentyabrın 5-də “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə Yasamal yaşayış kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında 324 mənzilin seçimi həyata keçirilib və həmin mənzillərdən 278-nin alqı-satqısı başa çatdırılıb.

Vurğulanıb ki, “Elektron hökumət” portalı və “Güzəştli mənzil” sisteminin daha da təkmilləşdirilməsi məqsədilə 1 saylı “ASAN xidmət” mərkəzinin və “AzInTelecom” MMC-nin inzibati binalarında agentliyin müvafiq qurumların nümayəndələri ilə koordinasiyalı əməkdaşlığı təşkil edilib, eyni zamanda, “Ernst & Young” audit şirkətinin iştirakı ilə aidiyyəti qurum və təşkilatlarla birgə test-sınaq yoxlamaları icra olunub.

“MİDA” MMC-nin direktoru bildirib ki, agentliyin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin tikinti işləri sürətlə davam etdirilir. Bakının Suraxanı rayonunun ərazisində, Hövsan qəsəbəsinin yaxınlığında, 20 hektar ərazidə reallaşdırılan bu layihə çərçivəsində ümumilikdə 2962 mənzil inşa olunacaq. Bunlardan 280-nin birotaqlı, 1401-nin ikiotaqlı, 980-nin üçotaqlı, 301-nin isə dördotaqlı olması planlaşdırılır. Kompleksdə çoxmənzilli binalarla yanaşı, hər biri 90 yerlik olmaqla 2 uşaq bağçasının, 1920 şagird yerlik ümumtəhsil məktəbinin, tibb müəssisəsinin və digər ictimai-iaşə obyektlərinin istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, ərazidə müvafiq nəqliyyat infrastrukturunun yaradılması və şəhərin ictimai nəqliyyat sisteminə inteqrasiyası planlaşdırılır. “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq ölkənin regionlarında da güzəştli mənzillərin tikintisini təmin etmək məqsədilə Gəncə və Sumqayıt şəhərlərində torpaq sahələrinin müəyyənləşdirilməsi ilə bağlı agentliyə təkliflər verilib.

Sonda Müşahidə Şurasının üzvləri “MİDA” MMC-nin direktorunun hesabatını nəzərə alaraq cəmiyyətin fəaliyyətinin düzgün istiqamətdə müəyyənləşdirilməsi ilə əlaqədar görülmüş tədbirlərin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb.

Azvision.az


Teqlər: MİDA  





Xəbər lenti