Bu il Azərbaycanda “İnnovasiya Evi” açılacaq

  11 Fevral 2019    Oxunub : 1272
Bu il Azərbaycanda “İnnovasiya Evi” açılacaq
"Azərbaycanda innovativ inkişafın həyata keçirilməsi istiqamətində atılan addımlar beynəlxalq təcrübəyə uyğundur. Aparılan işin beynəlxalq qiymətləndirilməsi zamanı müsbət qarşılanması buna nümunədir".
Azvision.az xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. O, bildirib ki, bunun bariz nümunəsindən biri startap anlayışdır: "Digər innovativ yeniliklərlə bağlı terminlər də dilimizə tətbiq edilir. Hər bir dövlət qurumunun fəaliyyətinə nəzər salsaq görərik ki, onların işində innovasiyalar əsas götürülüb. Təkcə İKT sahəsində deyil, bütün sahələrdə startap nümunələri ilə qarşılaşırıq. Bu gün bu sahədə hər bir dövlət qurumunun görəcəyi iş var və birgə əməkdaşlıq bu prosesin sürətlənməsində vacibdir".

E.Vəlizadə qeyd edib ki, ölkədə startap fəaliyyətinin genişlənməsi ilə əlaqədar yaradılan İnnovasiya Agentliyinin Əsasnaməsi artıq hazırlanıb və hazırda baxılmaqdadır: "Agentliyin məqsədi ondan ibarətdir ki, ölkədə müxtəlif sahələrdə həyata keçirilən fəaliyyətin əlaqələndirilməsi və onların mərkəzləşdirilmiş şəkildə fəaliyyətinin təmin olunması bilavasitə qurum tərəfindən təmin ediləcək. Agentliyin fəaliyyəti ölkəmizdə innovasiya fəaliyyətinin inkişafına təkan verəcək".

E.Vəlizadə əlavə edib ki, nazirliyin fəaliyyəti istiqamətində İnnovasiya Evinin qurulması nəzərdə tutulur: "Bu il Evin qurulmasına başlanılacaq. Bu mərkəz innovativ ideyaları olan hər bir şəxs üçün əhəmiyyətli olacaq. "Hökümət buludu", "Data Mərkəz"in yaradılması, internetin inkişaf etdirilməsi, yeni ixtisasların açılması, onların ali təhsil müəssisələrində tətbiq edilməsi bizim fəaliyyətimizin mərkəzindədir və hesab edirik ki, aidiyyatı qurumlarla bu sahədə iş uğurlu olacaq".

Onun sözlərinə görə, Davos Forumunda qeyd edildiyi kimi hazırda təhsil alan uşaqların 65 faizi gələcəkdə bu gün mövcud olmayan ixtisaslar üzrə işləyəcək: "Bu özü gələcəkdə atacağımız addımlar baxımından vacibdir. Bu istiqamətdə dövlətin strateji yol xəritələri, strategiyaları mövcuddur".

E.Vəlizadə yeni yaradılacaq "İnnovasiya Evi"nin Xətai Telefon Qovşağının ərazisində inşa ediləcəyini açıqlayıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: İKT   İnnovasiya