Milli Şurada həmsədrlik davası

Milli Şurada həmsədrlik davası
  12 Noyabr 2013    Oxunub:1414
“Həmsədrlərdən biri ölkədən kənarda olduğundan, onlar arasında birbaşa rabitə yoxdur. Onlardan biri baş verən prosesləri yerindəcə izləyə bilmir. İki həmsdərin olmağı gələcəkdə onların ikisi arasındakı münasibətlərdə də problem yarada bilər”. Bu fikirləri AzVision.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Milli Şurada həmsdərlik institutunun yaradılması təklifini şərh edərkən deyib.

O, bildirib ki, iki həmsədrin prosesləri necə nizamlayacağı da sual altındadır: “Digər problem isə Milli Şuraya daxil olan əsas qurumların bu təklifi necə qarşılamağıdır. Milli Şura daxilində bir qrup bu ideyaya müsbət yanaşmır. Bunun özü də problemlər yarada bilər. Həmsədrlik təklifini Rüstəm İbrahimbəyov irəli sürsə də, qurumun aparıcı qüvvələrinin bu fikrə münasibəti mühüm rol oynayır. Milli Şuranda aparıcı qüvvə “EL” hərəkatı yox, AXCP-Müsavatdır. Onlar müsbət yanaşmasa, təklif keçməyəcək”.

Milli Şura daxilində bu təklifə müsbət yanaşmayanlar olsa da, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sdər müavini Fuad Qəhrəmanlı bu fikirdədir ki, həmsdərlik Milli Şuranın fəaliyyətinə səmərəli təsir edəcək: “Bu təklifin irəli sürülməsinə səbəb Rüstəm İbrahimbəyovun Bakıda olmaması və buna görə də Milli Şuranın cari fəaliyyətinə praktik rəhbərlik etmək imkanının yoxluğudur. Ona görə də Bakıda fəaliyyət göstərəcək sədrə ehtiyac var. Düşünürük ki, həmsədrlik intitusutu Milli Şuranın fəaliyyətində səmərəli olacaq”.

Sədr müavini onu da qeyd edib ki, həmsədr institutu yaradılarsa, bu, Milli Şuranın imicinə də xələl gətirməyəcək: “Həm də ona görə həmsədr institutunun yaradılmasının tərəfdarıyıq ki, Rüstəm İbrahimbəyovun sədr kimi qalması Milli Şuranın həm imicinə, həm də onun beynəlxalq əlaqələrinə də müsbət təsir göstərəcək”.

Milli Şuranın aparıcı qüvvvələrindən olan Müsavat Partiyasında isə bu təkliflə bağlı iki fərqli fikir var. Belə ki, partiyanın İcra Aparatının rəhbəri Arif Hacılı buna müsbət yanaşır. O deyir ki, Milli Şurada həmsədrlik institutu yaradılması təklifini ilk dəfə özü irəli sürüb: “Ancaq Rüstəm İbrahimbəyov o zaman bunun əleyhinə çıxdı. Bu müzakirələr Milli Şura yaranan ərəfədə aparılıb. Rüstəm İbrahimbəyov özü dedi ki, Milli Şuranın sədri olması daha düzgündür”.

Müsavat başqanının müavini Gülağa Aslanlı isə bildirib ki, Milli Şurada həmsədrliyə ehtiyac yoxdur. Sədrlik institutu saxlanmalıdır.

Fatimə Kərimli
AzVision.az



Teqlər:





Xəbər lenti