Özbəkistana ticarət missiyası təşkil ediləcək

  06 Fevral 2019    Oxunub : 843
Özbəkistana ticarət missiyası təşkil ediləcək
Fevralın 4-5-də Azərbaycan nümayəndə heyəti Özbəkistanda səfərdə olub.
İqtisadiyyat Nazirliyindən Azvision.az -a verilən xəbərə görə, nümayəndə heyətində iqtisadiyyat naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri İnam Kərimov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-lərin rəhbər şəxsləri və sahibkarlar təmsil olunub.

Səfər çərçivəsində hər iki ölkənin rəsmilərinin və sahibkarların iştirakı ilə Dəyirmi Masa keçirilib, Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətləri müzakirə edilib. İqtisadiyyat naziri Şahin Mustafayev iqtisadi-ticarət əməkdaşlığının inkişafı üçün böyük potensialın olduğunu vurğulayaraq energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, ticarət, turizm, mədəniyyət, İKT, innovasiyalar və digər sahələrdə əlaqələrin inkişafı perspektivlərini diqqətə çatdırıb.

Bildirilib ki, ölkələrimiz arasında birgə tədbirlər, biznes forumlar, sərgilər təşkil edilir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir. Azərbaycanda ticarət, sənaye, nəqliyyat, xidmət və s. sahələrdə Özbəkistan kapitallı 30-a yaxın şirkət fəaliyyət göstərir. 2018-ci ildə ticarət dövriyyəsi 46,5% artıb. Bununla belə, ticarət dövriyyəsinin artırılması üçün potensial böyükdür. Bu potensialın reallaşdırılması məqsədilə həyata keçiriləcək tədbirlərdən biri kimi 2019-cu ilin ikinci yarısında Özbəkistana ticarət missiyasının təşkili planlaşdırılır.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, son 15 ildə ümumi daxili məhsul 3,3 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artıb, ölkə iqtisadiyyatına 250 mlrd. ABŞ dolları investisiya qoyulub. Qazanılan uğurlar, ölkəmizdəki əlverişli biznes və investisiya mühiti beynəlxalq reytinq təşkilatları tərəfindən yüksək qiymətləndirilir. İqtisadiyyat naziri Özbəkistanlı iş adamlarını Azərbaycandakı əlverişli işgüzar şəraitdən yararlanmağa, sənaye parklarında və məhəllələrində birgə müəssisələrin təşkilinə dəvət edib.

Azvision.az

Teqlər: Azərbaycan   Özbəkistan