Zahidin kəsilməli barmağı

      Zahidin kəsilməli barmağı
  04 Fevral 2019    Oxunub:15288
Əli Kərimlinin Fransadakı aləti Qənimət Zahidov son günlərdə dalbadal 3 yalan, yalan olduğu qədər də sarsaq xəbər yaydı: 1) Guya Xəzər dənizində içində 30 ton qızıl və 14 milyard dollar olan gəmi batıb, 2) Guya Salyan rayonunda Heydər Əliyevin heykəlini aşırıblar və 3) Guya Prezidentin kürəkəni bıçaqlanıb.
Təbii ki, ağılsız, hay-küyçü kütlənin içində bu xəbərlərə inanlar tapıldı və bəzi şayiələr dolaşmağa başladı. Amma ağlı başında olan, xəbərə məntiqlə yanaşan insanlar bütün bunların yalan olduğunu dərhal, lap əvvəldən başa düşdülər. Yada salaq ki, elə birinci yalandan sonra kirpi.info -da onu ifşa edən karikatura dərc olunmuşdu.



Çox tezliklə Qənimət Zahidin digər yalanları da faş edildi. Onu təkzib edənlərin arasında hətta Avropada yaşayan radikallardan Həbib Müntəzir də vardı.



Niyə anti-Azərbaycan şəbəkəsinin bir qanadının üzvü digər qanadın təmsilçisini ifşa etdi? Çünki yayılan xəbərlər o qədər ağ və sarsaq yalan idilər ki, bütövlükdə radikal düşərgənin ancaq həyasız gopçulardan ibarət olduğu təsəvvürü yaranırdı. Onları yaymaqda məqsəd xalqda hakimiyətə qarşı nifrət oyatmaq idi, amma tam əks effekt doğuru: Radikal düşərgədə olanların sözün həqiqi mənasında nə qədər səfeh, bambılı olduqları gözlər önünə sərildi. Üzr istəyirik, amma “bambılı” – burada deyilə biləcək ən yumşaq sözdür.

Vəziyyətin qəlizləşdiyini, yalanlarının ifşa olunduğunu görən Zahidin barmağı kəsildi, o da dönüb “həqqdən qaçdı”: Yazdıqlarının fake olduğunu etiraf etdi və özünə belə bəraət qazandırmağa çalışdı ki, guya “eksperiment aparırmış”. Nə eksperimenti?! “Fake” xəbərlərin quaşdırılması, yayılması, kütlənin onlara münasibətinin öyrənilməsi haqqında eksperiment nədir, onlarla kitablar, monoqrafiyalar yazılıb. Burada yeni heç nə yoxdur. Sadəcə olaraq, Kərimlinin yalan maşınının generatoru gördü ki, tutuzdura bilmir, əlinin arxasını yerə qoydu.



İndi isə biz tam ciddi şəkildə soruşmaq istəyirik: Bəylər, bu nə gədəlikdir, edirsiniz?! Bu elədiyiniz guya siyasətdirmi? Dövlətə müxalif olmaq sizin anlamınızda budurmu? Ağzına gələn sarsaq yalanları burax sosial şəbəkəyə, zibilinin üstü açılanda da de ki, “eksperiment aparırdım”. Bəs bu yalanları ciddi qəbul edib, aldanan insanlar necə olsunlar? Onları “eksperiment”in obyekti etmək üçün kim sizə haqq vermişdi?

Biz hər dəfə müxalifəti tənqid edirik ki, savadlı olsun, səviyyəli olsun, ortaya ciddi fikirlər, təkliflər qoysun... Əvəzində bu tüllabların elədiklərinə bax!.. Getdikcə plintusdan da aşağıya enirlər. Artıq savad, səviyyə, ciddiyyət söhbətindən də keçmişik, indi istəyirik ki, sadəcə, adam olsunlar: söyüş söyməsinlər, tərbiyəsizlik etməsinlər... Günümüzə bax da, gör, vətəndaşın müxalifətdən istəyi nədir! Bu nədir, a kişilər?! Məsələn, Əli Kərimlidən soruşmaq istəyirəm: Cəmiyyəti bu cür səviyyəsiz şəkildə aldatmağa çalışmaq müxallifətçilikdirmi? Hakimiyyətlə mübarizə beləmi aparılır?

Normal cəmiyyətdə müxalifət olmalıdır. Bunu biz də istəyirik ki, ölkədə sağlam, səviyyəli, dövlətin inkişafına fayda verə biləcək bir müxalifət olsun. Amma Parisdə oturub, “Azərbaycanda gəmi batdı”, “Prezidentin kürəkənini bıçaqladılar” şəklində quşlayan bir müxalifət kimə, nəyə lazımdır axı?! Beyninizə qamış ölçünslər, başqa bir şeyə ağlınız çatmadımı?

Əli Kərimli də, Qənimət Zahid də az qala 30 ildən çoxdur siyasətdədirlər. Bu 30 ildə öyrəndikləri, görüb-götürdükləri nə olub? 30 illik siyasi “təcrübə”dən sonra bu hütdürmüşlərin xalqa, cəmiyyətə verdikləri mesaj nədir? “Pomidora görə Prezidentin kürəkəni bıçaqlandı” şəklində dezo yayıb, sonra isə “Sorry, eksperiment aparırdım” demək? Bu beyinləmi onlar hakimiyyəti tənqid edirlər, özləri iqtidara gəlmək istəyirlər?!

Radikalların bacarıqsızlığı, səriştəsizliyi, savadsızlığı əvvəldən bəlli idi, amma sonuncu hadisə onların psixi sağlamlığını da şübhə altında qoydu. Normal ağlı olan adam belə axmaq hərəkət eləməz. Deyilənə görə, Fransada psixiatr xidməti bahadır, yəqin, hamısı onun nəticəsidir.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Dezinformasiya   Əli-Kərimli   Qənimət-Zahid  





Xəbər lenti