“80 yaşım var, amma əvvəlki kimi işləyirəm” - Tariyel Qasımov

 “80 yaşım var, amma əvvəlki kimi işləyirəm” -  Tariyel Qasımov
  04 Fevral 2019    Oxunub:6549
Bu gün Azərbaycanın Xalq artisti Tariyel Qasımovun doğum günüdür. Aktyor 80 yaşını qeyd edir.

Sevilən sənətkar doğum günü ilə bağlı təəssüratlarını Azvision.az-la bölüşüb.

- Tariyel bəy, özünüzü hansı yaşda hiss edirsiniz?

- 80 yaşım var, ancaq vicdan haqqı mən bu yaşı hiss etmirəm. 80 mənim üçün sadəcə rəqəmdir. Özümə belə baxanda heç 60 yaş vermirlər, gümraham, iş qabiliyyətim yüksəkdir.

- 80 yaşın əhvalı, gətirdiyi ab- hava necədir?

- Vaxtilə kəndimizdə 50-60 yaşlı adamlara baxanda deyirdik ki, qoca kişidir. Amma indi özüm görürəm ki, səhv etmişəm, bu, sadəcə rəqəmdir. 80 yaşımda da 10 il əvvəlki kimi işləyirəm, sağlamam. Martın 30-da Gənc Tamaşaçılar Teatrında mənim dövlət səviyyəsində yubileyim keçiriləcək. Hər şey qazanmışam. Bundan sonra yeganə qazancım can sağlığıdır.

- 80-dən geri boylansaq, ən çox hansı illərdə ayaq saxlayarsınız?

- Mənim ən gözəl ilim, fəaliyyətim, qazandığım uğurlar 40-45 yaş arasında olub. O vaxtları xarici ölkələrdə kinolara çəkilirdim, adlar alırdım, dünyanın ən xoşbəxt adamı sayılırdım. Yenidən doğulsaydım, bu 5 ili yaşamaq istərdim.



- Əksər insanlar doğum günlərinin təmtəraqlı qeyd edilməsini sevimir. Bəs, siz necə?

- Mənim ad günümdə ən çox istəyim, arzum dostlarla birlikdə oturmaqdır. Hətta ailəmdən çox dostlarla birgə qeyd etməyi sevirəm. Mənə evdə də deyirlər ki, sən dostlarını ailəndən çox istəyirsən. Bu, mənə qürur verir ki, deməli, dost sevməyi bacarıram. İndi mən Ağstafadakı evimizdəyəm, dostlarımı saat ikiyə restorana balıq yeməyə çağırmışam, ora yığışıb yubileyimi qeyd edəcəyik.

- Bu gün sizə nə hədiyyə etsələr ürəyinizə yağ kimi yayılar?

- Mənim ürəyimə qardaşım qızının yubileyimə görə sifariş verdiyi tort yağ kimi yayılıb. Tortun üstündə mənim portretimlə birgə yazılıb ki, 80 illlik yubileyin mübarək. İndi o tortu kəsmək istəyirlər, qoymuram. Deyirlər, axı əriyəcək, deyirəm, eybi yoxdur, mənim xatirimə qoy ərisin. Çox gözəldir, adam heç əl vurmaq istəmir.

- Bu gün yuxudan durdunuz, aynaya baxdınız, saçınıza daraq çəkdiniz, özünüzə nə dediniz?

- Dedikləriniz fikrimdən keçmədi. Yeganə mənə xoş oldu ki, gömrük rəisi Aydın müəllim məni təbrik etdi. Dedi televiziyada da məni yada salıblar.

- Mənə elə gəlir ki, insan nə zaman xoşbəxt olursa, həm də o an doğulur. Nə düşünürsünüz bu haqda?

- Yəqin ki, bu sözdə həqiqət var. Bəxtiyar Vahabzadənin 70 illiyi idi. Müxbir sual verir ki, Bəxtiyar müəllim, yubileyinizi təmtəraqlı, çal-çağırla edəcəksiniz, yoxsa sadə? Dedi, xeyr, təmtəraqlı etməyəcəyəm. İnsanlar var ki, 60-70-80 yaşı xüsusilə qeyd edirlər. Başa düşmürlər ki, bu yaş dövrü ölümə yaxınlaşmaq deməkdir, qəbirə gedən yoldur. Ancaq mən elə fikirləşmirəm, çox sevinirəm ki, 80 yaşımı qeyd edirəm. Səhərdən doğum günü təbriklərinə cavab verməkdən yorulmuşam.









Şahanə Rəhimli
Azvision.az


Teqlər: Tariyel-Qasımov  





Xəbər lenti