Kaliforniyada ilk azərbaycanlı diş həkimi - FOTOLAR

 Kaliforniyada ilk azərbaycanlı diş həkimi -    FOTOLAR
  02 Fevral 2019    Oxunub:9892
Çox şən, gülərüz, mehriban xanımdır. Onlunla söhbət zamanı vaxtın necə keçdiyini hiss etmədim. Amerikaya gələndən bəri heç kimdən bu qədər müsbət enerji almamışdım. Yumor hissi, dərin savadı, dünya görüşü söhbətimizə xüsusi rəng qatırdı. Azərbaycan dilində Bakı ləhcəsi ilə danışan bu xanımın səmimiyyətinə heyran oldum.
Həkim ailəsində böyüyüb. Atası Zülfi kişi diş həkimi olub, bacısı Lalə xanım genekoloqdur, qardaşı Kamran Rəsulov isə stomatolq işləyir. Ailədə həkim olmayan yeganə insan anası Solmaz xanımdır. Solmaz xanım filoloqdur. Uzun illər rus dili və ədəbiyyatı fənnindən dərs deyib. "Rusiya Federasiyasının Əməkdar Müəllimi" fəxri adına layiq görülüb. Haqqında söhbət açdığım Nərminə Rəsulova Bakıda dünyaya gəlib. 1984-cü ildə Mikayıl Müşfiq adına 18 nömrəli orta məktəbi bitirib. Həmin il Moskvaya köçüblər, Semaşko adına Moskva Stomatologiya İnstituna qəbul olunub. 1990-cı ildə oranı bitirərək, diş həkimi kimi fəaliyyətə başlayıb. Bir müddət Moskvada 17 nömrəli poliklinikada çalışıb. 1993-cü ildən 1998-ci ilədək yaratdıqları ailəvi klinikada işləyib. 1998-ci ildə ABŞ-ın Kaliforniya ştatına köçüb.



Deyir ki,- "Rəhmətlik atam həm baməzə və həm də çox ciddi insan idi. Bakının içəri şəhərində doğulduğundan adət və ənənələrimizə çox bağlı idi. Moskvaya köçəndə bacımla mənə dönə-dönə tapşırdı ki, buraya köçməyimiz o demək deyil ki, dilimizi və milli kimliyimizi unutmalıyıq. Azərbaycanda necə geyinirdizsə burada da elə olacaq!.." Nərminə xanım Los Ancelesdə məskunlaşdığı vaxtdan 2008-ci ilədək stomatoloq assisenti kimi çalışıb. Bu arada Loma Linda Universitetində bir il təhsil alıb. Sonra "National Board I, II, Bench Exam və Dental Clinical Board" imtahanlarını uğurla verərək, ilk azərbaycanlı kimi stomatoloq həkim işləmək hüququ qazanıb.



2008-ci ildən məşhur "Clinicas Del Camino Real" çoxşaxəli tibbi şirkətdə diş həkimi kimi fəaliyyətə başlayıb. O vaxtdan orada çalışır. Oğlu Cahangir Süleymanovun 19 yaşı var. Kollecdə gen mühəndisliyi üzrə təhsil alır. Azərbaycan dilini çox gözəl bilir. Onun arzuları çoxdur. Əsas arzusu isə gözünün ağı-qarası olan yeganə oğluna yüksək savad vermək, onu ev-eşik etməkdir. Səyahəti çox xoşlayır. Cənubi, Şimali Amerika, Afrika, Avropanın bir sıra ölkələrində olub. İspan, ingilis, rus dillərində sərbəst danışa bilir. Uşaq vaxtlarında məşhur caz ustası Vaqif Mustafazadənin anası Zivər xanımın işlədiyi musiqi məktəbində ondan piano dərsləri alıb. Hətta söhbət əsnasında Əzizə Mustafazadə ilə etüd çaldıqlarını da xatırladı. Odur ki, könlünə düşəndə pianoda ifa edir.



Deyir ki,- "Əvvəllər Kaliforniyada Azərbaycanla bağlı tədbirlərdə tez-tez iştirak edirdim, son vaxtlar işimlə əlaqədar bu tədbirlərə az qatılıram. Amma bu, o demək deyil ki, mən vətənimi unutmuşam. Azərbaycanlı olduğumdan həmişə qürur duyuram və milli kimliyimi fəxrlə təqdim edirəm".

Elman Eldaroğlu,
ABŞ, Miçiqan



Teqlər: ABŞ   Azərbaycan  





Xəbər lenti