Sabahdan qışın “Kiçik çillə”si başlayır

Sabahdan qışın “Kiçik çillə”si başlayır
  31 Yanvar 2019    Oxunub:2291
Sabahdan Azərbaycanda qışın sərt soyuqların müşahidə olunması ilə diqqəti çəkən “Kiçik çillə” başlayır.
Azvision.az xəbər verir ki, qış təqviminə görə, bu gün Azərbaycanda “Böyük çillə” bitir, daha soyuq sayılan “Kiçik çillə” başlayır.

Xalq təqviminə görə, qış fəsli üç hissəyə bölünür: “Böyük çillə” 40 gün (21 dekabr-30 yanvar), “Kiçik çillə” 20 gün (31 yanvar-19 fevral), “Ala çillə” və ya “Ala çolpav” (Boz ay da deyilir) isə bir ay (20 fevral-20 mart) olur.

İyirmi gün davam edən “Kiçik çillə” havanın soyuq, sərt olması ilə diqqəti cəlb edir. Belə ki, “Kiçik çillə”də havanın temperaturu daha kəskin düşür, yağış və qar daha çox yağır. Bəzən elə olur ki, yanvarın sonunda mülayim havada bəzi ağaclar tumurcuqlayır, amma fevralda kəskin soyuq onların hamısını məhv edir. “Kiçik çilləyə” “qışın oğlan çağı” da deyirlər.

Azərbaycanın bəzi bölgələrində “Böyük çillə”dən “Kiçik çillə”yə keçəndə müəyyən mərasimlər təşkil olunur. Belə mərasimlərdən biri “çillə qarpızı” ilə əlaqədardır. Adətə görə, xüsusi yerlərdə yaydan saxlanılan “çillə qarpızları” kəsilir və ailənin bütün üzvləri bu təamdan dadır.

“Kiçik çillə”nin birinci ongünlüyündə isə Xıdır Nəbi bayramı keçirilir. Xıdır Nəbi bərəkət rəmzidir. Xalqın istəyi odur ki, qışdan çıxandan sonra yeni il onlar üçün bolluq və bərəkət gətirsin. Ona görə də Xıdır Nəbi bayramında xüsusi mərasimlər keçirilir. Qovurğa qovrulur, qovut çəkilir.

Qeyd edək ki, bəzi mənbələr “Çil” sözünü “çehl” sözü ilə, 40 rəqəmi ilə, bəzi mənbələrdə isə türk sözü olan “çil” sözü ilə əlaqələndirirlər. Yəni təbiətə çil düşür, təbiət ağır, çətin dövrünü keçirməyə başlayır.

Aytən Zəhra
Azvision.az



Teqlər: Qış   Kiçik-Çillə  





Xəbər lenti