Kəngərli nəslinin Amerikada yaşayan davamçısı - FOTOLAR

 Kəngərli nəslinin Amerikada yaşayan davamçısı -    FOTOLAR
  31 Yanvar 2019    Oxunub:72486
Rəsmlər lal-kar olur, amma insanı danışdıra bilirlər. Gözəl rəsm görəndə tamaşaçı istər-istəməz- "Əhsən!"- deyərək heyrətini gizlədə bilmir. Onun da çəkdiyi rəsmlər insanları danışdıran əsərlərdir.
Bəli, gözəl rəssam olmaq üçün anadan rəssam doğulmaq lazımdır. Əgər rəssam rənglərin dilini tapıb onlarla dost ola bilmirsə, fırçanı ram etməyi bacarmırsa, onun çəkdiyi rəsmlər də adi olur. Haqında söhbət açdığım Könül xanım məşhur Azərbaycan rəssamı Bəhruz Kəngərlinin nəslindəndir. Deməli, bu istedad ona qanla ötrülüb, dünyaya rəssam kimi gəlib.

Könül Kəngərli Sumqayıtda anadan olub. 2007-ci ildə həmin şəhərin 12 nömrəli orta məktəbini bitirib və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olunub. 2011-ci ildə orada bakalavr, 2014-cü ildə isə magistr dərəcələrinə yiyələnib. O vaxtdan müstəqil rəssam kimi fəaliyyətə başlayıb. Azərbaycanda, Türkiyədə, Serbiyada keçirilən sərgilərdə əsərləri ilə iştirak edib, eləcə də müştərilərin sifarişi ilə rəsmlər çəkərək fərdi bizneslə də məşğul olub…



Deyir ki- "Xahiş edirəm, bunu xüsusi qeyd edəsiz. Sumqayıt Uşaq Yaradıcılıq Mərkəzində ilk müəllimim rəssam Murad Kərimov olub. Fırçanı necə tutmağı o, mənə öyrədib. Anam Günəş Kərimovanın da üzərimdə əziyyəti az deyil. Gözümü açıb, onun ekibana, daşları rəngləyərək mozaika yaratdığının şahidi olmuşam. Bu mənim həyatımda mühüm rol oynayıb". 2017-ci ildən ABŞ-a gəlib. Qısa müddətdə xeyli uğurlara imza atıb. Rəssamlığa, rəssama yüksək qiymət verən Amerika cəmiyyəti onun da dəyərini verə bilib. Əsərləri bestseller olub, yüksək qiymətə alınıb.



Texasda olarkən, ilk dəfə əsərlərini Galveston adasında fəaliyyət göstərən rəsm qalereyasına təqdim edib və çox rəğbətlə qarşılanıb. Orada Könül xanımdan hansı ölkədən gəldiyini soruşanda, fəxrlə ölkəmizin adını çəkərək, amerikalılara tanıtmağa çalışıb. Bir müddət sonra ailəsi ilə Nyu Yorka gəlib. Burada ABŞ-ın ən böyük online əl işləri platformasında iki dükan açıb və 2018-ci ildə əsərləri ən çox satılan rəssam kimi tanınıb. Həmin il çəkdiyi 16 fərqli əsərini ondan dəfələrlə sifariş ediblər. Arzuları böyükdür, istəyir ki, qısa müddətdə Manhettenda bir rəsm qalereyası açsın. Orada həm şəxsi emalatxanasını və eləcə də Azərbaycan rəssamlarının, öz rəsmlərinin satışını təşkil etməyi planlaşdırır.



Deyir ki- "Azərbaycanda mənim kimi, məndən də istedadlı gənc rəssamlar çoxdur. ABŞ-a gələndən sonra gördüm ki, bizim rəssamlar heç də amerikalı rəssamlardan istedadsız deyillər. Amma Azərbaycan bir ölkə kimi balaca olduğundan burada yüksək nəticələr əldə etmək şansı çox azdır. Amerikada isə rəssamlar üçün hər bir şərait var. Dünya səviyyəli sərgilərə qatılmaq imkanı isə həmişə səninlədir". Çox təvəzökar, səmimi, gülərüz bir xanımdır. Bir çox rəssamlar kimi o da xəyalpərəstdir. Xalq mahnılarımızı çox sevir. Klassik musiqinin, geyimlərin, əntiq əşyaların vurğunudur. Dediyinə görə, bunlar onu ilhama gətirir.İllər ötəcək, ürəyi Azərbaycanla döyünən Könül Kəngərlinin Amerikada qazandığı uğurları bütün dünyaya səs salacaq…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti