Prezidentin sahibkarlar qarşısında qoyduğu əsas tələb

Prezidentin sahibkarlar qarşısında qoyduğu əsas tələb
  30 Yanvar 2019    Oxunub:2748
Prezident İlham Əliyev sahibkarlara çağırış edərək bildirib ki, iş yerlərini ixtisar etməsinlər. Ölkə başçısı bununla bağlı regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda məsələ qaldırıb.
"Son illərdə bir çox müəssisələr yaradılır və orada iş yerləri açılır. Sahibkarlara tövsiyəm ondan ibarətdir ki, iş yerlərini ixtisar etməsinlər. Çünki bu gün dünyada ümumi meyil ondan ibarətdir ki, daha çox texnologiyalara üstünlük verilir, elmi-texniki tərəqqi yeni texnologiyalar ortaya çıxarır, robotlar insanları əvəzləyir, bütün bunlar reallıqdır. Biz bu reallıqla hesablaşmalıyıq. Ancaq, eyni zamanda, biz Azərbaycanda mütləq iş yerlərini qorumalıyıq - həm dövlət qurumlarında, həm özəl sektorda"

Ölkə başçısı növbəti dəfə diqqətə çatdırıb ki, struktur islahatları iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır: “Dövlət qurumlarında aparılan struktur islahatları, - bütün dövlət qurumlarına artıq bildirilib, - iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır. Bu struktur islahatları, sadəcə olaraq, idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib. Əlbəttə, dövlət müəssisələrində işləyən vətəndaşlar öz işlərində qalacaqlar. Özəl sektor da heç bir ixtisar aparmamalıdır, əksinə, dövlətin bu qədər dəstəyi müqabilində daha çox iş yerləri açmalıdır. Yenə də deyirəm, bu istiqamətdə proses müsbət gedir. Keçən il 118 min daimi iş yeri yaradılıb və təbii ki, bu, özəl sektorda yaradılmış iş yerləridir”.



Prezidentin çıxışını müsbət qiymətləndirən iqtisadçı-ekspert Vüqar Bayramov Azvision.az -a bildirib ki, Azərbaycan üçün yalnız dövlət yox, özəl sektorda da iş yerlərinin qorunub saxlanılması vacibdir:

“Son proseslər göstərir ki, Azərbaycan üçün məşğulluq, xüsusən sosial təminat prioritet olaraq qalmaqdadır. Ölkə prezidentinin özəl sektora müraciəti birbaşa onunla bağlıdır ki, özəl sektor Azərbaycanda məşğulluğun formalaşmasına, inkişafına dəstək verməlidir. Özəl sektor birmənalı şəkildə çalışmalıdır ki, məşğulluqda rolunu artırsın. Bu, xüsusən regionlar üçün spesifikdir. Çünki regionlarda yaşayan və fəaliyyət göstərən vətəndaşların böyük qismi aqrar sektorda çalışır. Bu baxımdan daha vacibdir ki, regionlarda innovativ, eləcə də sənaye istehsalında yeni iş yerlərinin yaradılmasına nail olmaq mümkün olsun”.

V.Bayramov vurğulayıb ki, özəl sektorun məşğulluqda, məşğulluğun təmin olunmasında rolunun artırılmasına ehtiyac var: “Hesab edirəm ki, özəl sektorda bu kontekstdə məşğulluğa daha çox töhfə verməlidir. Nəticə etibarı ilə özəl sektorun töhfəsinin artması həm də Azərbaycanda sosial təminatın gücləndirilməsi baxımından vacibdir. Bu kontekstdən ölkə başçısı özəl sektorun dövlət siyasətinə daha yaxından dəstək verməsini istəyir”.

İqtisadçı-ekspertin fikrincə, struktur islahatları nəticəsində birləşən və ləğv edilən qurumlarda çalışanlar digər qurumlarda işlə təmin olunacaqlar: “Burada özəl sektorun rolu çox vacibdir. Çünki struktur islahatları özəl sektor üçün çevik idarəetmə sistemi formalaşdırıb. Özəl sektor bundan faydalanır. Nəticə etibarı ilə özəl sektor struktur islahatları nəticəsində işyerlərini itirəcək vətəndaşlarımıza yeni iş təkilif etməlidir. Eyni zamanda digər qurumlarda, xüsusən də uyğun qurumlarda, mütəmadi olaraq dövlət qulluğuna qəbul həyata keçirilir. Qəbul zamanı işyerlərini itirmiş vətəndaşların və işçilərin nəzərə alınması önəmli məsələdir. Praktiki olaraq burada məqsəd ondan ibarətdir ki, struktur islahatlarının mənfi sosial təsirləri olmasın. Struktur islahatları nəticəsindıə idarəetmə sistemi çevikləşir. Çevik siyasət fonunda iş yerlərini itirənlər, istər dövlət, istər də özəl sektorda yeni işlə təmin oluna bilsinlər”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Prezident   Sahibkar   Məşğulluq   İş  





Xəbər lenti