53 yaşlı süpürgəçinin qətli ilə bağlı yeni təfərrüatlar

   53 yaşlı süpürgəçinin qətli ilə bağlı    yeni təfərrüatlar
  30 Yanvar 2019    Oxunub:8454
Yanvarın 28-də Füzuli rayonunun Horadiz şəhərində dəhşətli qətl hadisəsi baş verib. 1966-cı il təvvəllüdlü Arzu İsgəndərovanın üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə aşkar edilib.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Horadiz şəhər sakini olan bir yeniyetmə müəyyən edilərək saxlanılıb.

Cinayət hadisəsi ilə bağlı Azvision.az -a yeni faktlar məlum olub.

Horadiz şəhərinin icra nümayəndəsi Əli Abdullayev əməkdaşımıza bildirib ki, Arzu İsgəndərovanı qətlə yetirən yeniyetmə 8-ci sinif şagirdi olub.

"53 yaşlı Arzu süpürgəçi işləyirdi. O, heç vaxt ailə həyatı qurmayıb. Qətli törədən oğlan Horadiz sakinidir. Horadiz şəhəri 3 nömrəli məktəbin 8-ci sinif şagirdidir. Ekspertlər qadına təcavüz edilib-edilmədiyini bir həftədən sonra deyə biləcəklər. Bilinən odur ki, yeniyetmə onu bıçaqla öldürüb. Polislər axşam saatlarında oğlanı tapa bildilər. Hadisədən sonra qaçıb gizlənimişdi, ancaq yerini tapmaq çətin olmadı".

İcra nümayəndəsi qətldə ittiham onunan yeniyetmənin bundan əvvəl bir neçə dəfə oğurluq etdiyini söyləyib: "Mağazalardan oğurluq edirdi. Normal uşaq deyildi, ondan hər bir cinayəti gözləmək olardı. Bəlkə də, bu yola düşməsinə səbəb valideyn tərbiyəsindən uzaq olmasıdır. Atası Aydın fəhlə işləyir. Anası isə bir neçə il əvvəl özünü asaraq intihar edib. Oğlanın atası ikinci dəfə evlənib. Hər iki arvaddan iki uşağı var. Fəridin bir bacısı doğmadır, digərləri ögeydir”.

Saxlanılan yeniyetmənin atası Aydın Pənahov Azvision.az -a bildirib ki, oğlunun uşaq evlərinə verilməsi üçün şikayət ərizəsi yazsa da, ona kömək edən olmayıb.

“Onun belə hadisə törətməsi ağlıma da gəlməzdi. Məni qınayırlar ki, uşağa yaxşı tərbiyyə verməmişəm. Amma uşaq özü nadincdir. Digər 3 uşağımın heç birində problem olmayıb. Onunla maraqlanmışam, tərbiyə verməyə çalışmışam, ancaq özü bildiyini edirdi. Ata kimi sözümə baxmırdı. Fəhlə adamam, əlimdən heç nə gəlmir. Onu məktəbdən də çıxartmışdılar. İcra nümayəndəsinə, polis orqanlarına iki dəfə ərizə yazdım ki, oğlumu təlim- tərbiyə üzrə islah evlərinə yerləşdirək. Şikayətimi eşidən olmadı. Qətldən sonra onunla danışa bilməmişəm. Niyə belə hadisə törətdiyini də bilmirəm”.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Füzuli   Qətl  





Xəbər lenti