Kaliforniyada yaşayan azərbaycanlı alim - FOTOLAR

Kaliforniyada yaşayan azərbaycanlı alim -    FOTOLAR
  29 Yanvar 2019    Oxunub:17642
Qəribliyin nə olduğunu erkən gəncliyindən yaxşı bilir. İlk dəfə Leninqradda (indiki Sankt Peterburq) tələbə olarkən, indi də Amerikada. Amma o, yaşadığı ölkələrdə qarşılaşdığı çətinliklərə sinə gərə bilib, qürbətdə özünə bir vətən yaradıb- balaca Azərbaycan. Yaratdığı bu balaca Azərbaycanda həm özü yaşayır, həm də onu uzaq Amerikada yaşada bilir.
Haqqında söhbət açdığım Zərifə Musayeva Sabirabad rayonunda dünyaya gəlib. Körpə ikən Bakıya köçüblər. 1984-cü ildə Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki 180 nömrəli məktəbdə orta təhsilini başa vurub. 1985-1990-cı illərdə Leninqrad Dövlət Universitetinin fəlsəfə fakultəsində ali təhsil alıb. Vətənə dönərək 1992-ci ilədək İnşaat Mühəndisləri İnstitunda siyasi elmlərdən dərs deyib. 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda, 1996-ci ildən 2007-ci ilin sonunadək Bakı Dövlət Universitetində baş müəllim vəzifəsində çalışıb. 1998-ci ildən fəlsəfə elmləri namizədidir. 2004-2005-ci illərdə Amerikada Junior Faculty Development Program (JFDP) çərçivəsində 1 illik təcrübə keçib.



2008-ci ildə ABŞ-a ikinci kərə gəlir. Fəlsəfə elmindən alimlik dərəcəsi olsa da, bir il Şimali Kolarado Universitetində təhsil alaraq, gerontologiya üzrə magistr elmi dərəcəsi alır. 2009-cu ildə Kaliforniya ştatına, işləməyə dəvət alıb. Elə o vaxtdan da bu ştatın San Xose şəhərində yaşayır. 2009-2013-cü illərdə yaşlılar üçün günboyu qayğı mərkəzində sosial işçi kimi fəaliyyət göstərib. 2012-2015-ci illərdə San Xose Dövlət Universitetində təhsil alaraq sosial işlər üzrə ikinci magistr dərəcəsinə yiyələnib. 2015-2018-ci illərdə yenidən yaşlılara qayğı ilə əlaqədar işdə çalışıb. 2018-ci ildən Santa Clara Family Health Plan dövlət tibbi sığorta idarəsində sosial işçi vəzifəsində işləyir.



Ömür gün yoldaşı Elsevər Musayev Naxçıvan şəhərində doğulub, boya-başa çatıb. Onunla Sankt Peterburq şəhərində tələbə olarkən tanış olublar. O vaxt Elsevər bəy Leninqrad Elektrotexnika İnstitutunda oxuyurmuş. İki övladları var - Sona xanım 27, Emin isə 20 yaşındadılar. Sona - San Xose Universitetini maliyyə, mühasibat ixtisası üzrə bitirib və hal-hazırda tanınmış maliyyə qurumlarından birində çalışır. Emin San Fransisko Dövlət Universitetində kompyuter mühəndisliyi üzrə təhsil alır. Zərifə xanım Azərbaycanla bağlı xeyli işlər görüb- bayram şənlikləri, mədəniyyət günləri, ailə axşamları, pikniklər, musiqi gecələri bu qəbildən olan tədbirlərdəndir. Vitse prezidenti olduğu "Azərbaycan Mədəniyyəti Cəmiyyəti" xeyli uğurlara imza atıb, Xocalı, Türklərin soyqrımı günlərində ştatın paytaxtı Sakramento şəhərində yürüşlər təşkil edib, Palo Alto şəhərinin ictaimai televiziyasında Xocalı soyqrımı ilə bağlı müxtəlif sənədli filmlərin nümayişinə nail olub. Artıq bir neçə ildir ki, bu filmlər ictimaiyyətə təqdim olunur. Ailə axşamlarında bir çox Azərbaycanlı ailələr bir yerə gələrək övladlarının ana dilində milli rəqs, mahnı və səhnəciklər hazırlanmasını təşkil etmişlər.



Bir vaxtlar evində Azərbacan dili dərsləri keçib. O, bu kurslarla Amerikada doğulan azərbacanlı uşaqlara ana dilində yazıb-oxumağı təmənnasız öyrətmişdir. Deyir ki: "Azərbaycan tarixi, mədəniyyəti zəngin olan qədim ölkədir. Amerika tarixi ölkəmizlə müqayisədə çox gəncdir. Buna baxmayaraq, bu ölkədə müxtəlif mədəniyyətlər bir araya gələrək biri-birlərini zənginləşdirir. Çalışırıq ki, bu ölkəyə inteqrasiya olub, öz mədəniyyətimizi amerikalılara bacardığımız qədər təbliğ edək. Müxtəliflik və fərqlilik dəyərlərinə əsaslanan ABŞ-da milli kimliyimizi amerikalılara tanıdıb, ölkəmizə rəğbət aşılayaq ".

Təvəzökar, ciddi və həm də çox mehriban olan bu xanımın Amerikada gördüyü işlər təqdirə layiqdir. On bir ildir ABŞ-da yaşamasına baxmayaraq, Azərbaycan sevgisi onu bir an belə tərk etməyib.



Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az


Teqlər: ABŞ   Azərbaycan  





Xəbər lenti