65 yaşlı arvadını öldürdü, qaçarkən kameralara düşdü - Təfərrüat

  65 yaşlı arvadını öldürdü, qaçarkən kameralara düşdü -    Təfərrüat
  25 Yanvar 2019    Oxunub:3827
Xəbər verdiyimiz kimi, ötən ilin dekabrında İsmayıllı rayonunun Gəraybəyli kəndində həyat yoldaşı 1953-cü il təvəllüdlü Əzizə Axundovanı öldürən yerli sakin Axundov Hacalı Qasım oğlunun meyiti tapılıb. Onun cəsədi rayon ərazisində yerləşən Aşıqbayramlı gölündə aşkar edilib. 1943-cü il təvəllüdlü H.Axundovun özünü gölə ataraq intihar etdiyi məlum olub.
Kəndin bələdiyyə sədri Qinyaz Əkbərov Azvision.az -a qətllə bağlı bəzi təfərrüatları açıqlayıb. Bildirib ki, Hacalı Axundov həyat yoldaşını öldürdükdən sonra Qaraməryəm kəndi istiqamətində gedərkən kameralara düşüb.

“Qətli törətdikdən sonra Qaraməryəm kəndinə tərəf gedib. Orada mağazaları gəzib. Mağazaların kameralarına düşüb. Görünür, törətdiyi cinayətin şokunda imiş. Daha sonra yenidən rayon istiqamətinə gedib və Aşıqbayaramlı gölündə intihar edib. Görüntülər və hadisələrin gedişatı göstərir ki, Hacalı qətlədən bir qədər sonra intihar edib. Əslində çox sakit insan idi. Camaatın xeyrinə-şərinə gedib gələrdi. Fəhlə olsa da, dünyadan xəbəri olan biri idi. Heç kimə pisliyi dəyməmişdi”, - bələdiyyə sədri deyib.



Qeyd edək ki, ötən ilin dekabrında İsmayıllı rayonunun Gəraybəyli kəndində qətl hadisəsi baş verib. Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Əzizə Axundova kənddəki evində kəndirlə boğularaq öldürülüb. Qətli törədən şəxs əvvəlcə onun başına küt alətlə vurub, sonra isə boğub. 65 yaşlı qadının meyiti evinin həyətində tapılıb.

İlkin araşdırma nəticəsində qətl hadisəsinin Ə.Axundovanın həyat yoldaşı Hacalı Axundov tərəfindən törədildiyi məlum olub. O, qətldən sonra məktub yazaraq hadisə yerini tərk edib. Axundov məktubunda bu sözləri yazıb: "Bunu 30-40 il əvvəl etməli idim, ancaq uşaqlar körpə olduğundan etmədim"

Cinayətkar ər uzun müddət axtarışda olsa da, onu tapmaq mümkün olmamışdı.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: İsmayıllı   Qətl   İntihar  





Xəbər lenti