Əliyevlə Paşinyanın Davos görüşü - Politoloq şərh edir

  23 Yanvar 2019    Oxunub : 1991
Əliyevlə Paşinyanın Davos görüşü - Politoloq şərh edir
Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib. Danışıqların 1,5 saat çəkdiyi bildirilir. Görüşün detalları bəlli olmasa da, dövlət başçılarının təması müsbət qiymətləndirilir.
Politoloq Sahil İskəndərov Azərbaycan və Ermənistan rəhbərlərinin Davosda baş tutan qeyri-rəsmi görüşünü AzVision.az -a şərh edib. Onun sözlərinə görə, həmsədr dövlətlər belə görüşlərin keçirilməsində maraqlıdırlar.

O, bildirib: “Onlar son vaxtlar hiss olunur ki, münaqişənin həllinin bu və ya digər şəkildə ölü nöqtədən tərpənməsinə çalışırlar. Bu baxımdan Davosda keçirilən görüşə əlahiddə bir görüş kimi baxmaq lazım deyil. Sadəcə bu, Ermənistanın yeni siyasi rəhbərliyi ilə Azərbaycan prezidentinin əlaqələrinin qurulması yönündə atılan yeni addımdır. Paşinyan artıq tam səlahiyyətli baş nazirdir. Ona görə də Paşinyanın qarşısında tələb daha böyükdür. Bu müstəvidə həmsədr dövlətlərin rəhbərləri tərəfindən müəyyən mesajlar verilir. Donald Trmpın ona ünvanladığı təbrikdə konkret Dağlıq Qarabağ məsələsinin tezliklə sülh yolu ilə həllində ümidli olduğunu bildirib. Düşünürəm ki, ən ciddi mesajlardan biri Sergey Lavrovun mətbuat konfransıda “Azərbaycanın münaqişənin həlli yolunda atdığı addımları təqdirəlayiqdir. Biz düşünürük ki erməni dostlarımız buna adekvat cavab verəcəklər” deməsidir. Bunu özü Moskvadan verilən çox ciddi mesajdır. Yəni Paşinyandan ciddi addımlar gözlənilir. Bu baxımdan Davos görüşünün belə bir əhəmiyyəti var”.



Politoloq qeyd edib ki, bu cür görüşlər təsadüfi xarakter daşımır: “Qeyri-rəsmi görüş olsa da, orarada bir çox ciddi məqamlar müzakirə oluna bilər. Bu baxımdan düşünürəm ki, Ermənistanın yeni rəhbərliyi daha sərbəst ola bilər. Çünki əvvəl Ermənistanda Qarabağ klanı hakimiyyətdə idisə, hazırda bu klan yoxdur. Bu məsələdə Qarabağ klanı daha sərt mövqe tuturdu. Amma bu, heç də o demək deyil ki, indiki hökumət Qarabağ məsələsinin həllində əvvəlkindən daha böyük güzəştlərə getməyə hazırdır. İstənilən halda belə görüşlərin özü mövcud gərginliyin azaldılmasına, ümumiyyətlə müsbət nəticələrə ümidləri artırır. Düşənbə görüşündən sonra cəbhə xəttində gərginlik, atəşkəsin pozulma halları azaldı. Hesab edirəm ki, görüşün mütləq müəyyən bir əhəmiyyəti olacaq. Danışıqlar prosesinə müsbət məqamlar gətirəcəyini düşünürəm. Ən azı ümidlər yaradır”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Qarabağ   Davos   Paşinyan