Struktur islahatları işsizliyi artıra bilərmi? – TƏHLİL

   Struktur islahatları işsizliyi artıra bilərmi? –    TƏHLİL
  21 Yanvar 2019    Oxunub:5262
Ölkədə həyata keçirilən struktur islahatlarının istər-istəməz bir qrup vətəndaşı işsiz qoyacağı qaçılmazdır. Çünki islahatlar çox zəruri, ancaq eyni zamanda, həmişə ağrılı bir prosesdir. Ümumiyyətlə, ötən şərhimdə də qeyd etdiyim kimi, Azərbaycanda iqtisadiyyatın idarə olunması mexanizmini təkmilləşdirməyə, yəni, struktur islahatına böyük ehtiyac var. Bu, həm dövlət büdcəsi xərclərinin səmərililiyini artırmaq, həm də idarəetməni yaxşılaşdırmaq üçün vacib sayılır. Buna isə dövlət sektorunda çalışanların sayını azaltmadan nail olmaq mümkün deyil.
Bəs, struktur islahatları ölkədə işsizlik səviyyəsinə mənfi təsir edə bilərmi? Bu suala birmənalı cavab vermək olar ki, xeyr. Əvvəla, potensiallı kadrlar tezliklə digər qurumlarda iş tapacaqlar. Bu, islahatların tərkibində də nəzərdə tutulub. Belə ki, məsələn, sonuncu fərmanlardan birində ləğv olunan dövlət qurumlarında (struktur bölmələrində) işləyən işçilərin tabeliklərində olan digər qurumlarda və ya struktur bölmələrində müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görülməsi də tapşırılıb.

Digər tərəfdən isə bəllidir ki, ölkəmizdə işsizlik səviyyəsinin mümkün dərəcədə aşağı endirilməsi və ən aşağı həddə saxlanılması dövlətin və hökumətin sosial-iqtisadi siyasətində daimi olaraq ən başlıca hədəf sayılır. Və bunun üçün bütün vasitələrdən istifadə edilir. Demək olar, bütün icra strukturları bu vəzifənin həyata keçirilməsində maraqlı sayılır və yaxından iştirak edir.

Ancaq bu sahədə ən böyük ağırlıq şübhəsiz ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə düşür. Bilavasitə dövlət başçımızın tapşırığı ilə adı çəkilən qurumun yeni rəhbərliyi tərəfindən bu məsələyə diqqət və onun davamlı olaraq həlli üçün görülən işlər son 1 il ərzində artmış və gücləndirilmişdir.

Məsələn, Prezident İlham Əliyevin təşəbbüsüylə hazırlanmış “İşsizin DOSTu” adlı proqramının icrasına hazırlıq işlərinin artıq başa çatdırıldığı bildirilir ki, buna əsasən, cari il ərzində 30 minədək şəxsin ödənişli ictimai işlərə cəlb edilməsinə imkan yaranacaq. Düzdür, həmin şəxslər Nazirliyin rayon (şəhər) Məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslərdən ibarət olacaq. Lakin əsas budur ki, məsələyə sistemli yanaşılır.

Xatırladıram ki, Prezident keçən ilin avqustun 9-da əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzaladı. Fərmana əsasən, Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs (DOST Agentliyi) yaradıldı. Və bu addım, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədilə atıldı. Bunun üçün dövlət büdcəsindən vəsait ayrıldı.

Ardınca, “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” təsdiq edildi. Sərəncama əsasən, mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla səmərəli məşğulluğu təmin etmək məqsədilə qarşıdakı 11 illik bir dövr ərzində uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması üzrə xüsusiyyətlər təsdiq edildi.

Buna qədər isə əmək ehtiyatlarından səmərəli istifadə yolu ilə əhalinin məşğulluğunu təmin etmək məqsədilə Prezidentin 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən 2006–2015-ci illər üzrə də Məşğulluq Strategiyası olub. Və həmin strategiyanın icrasının bir-birini tamamlayan iki mərhələdə reallaşdırılmasını təmin etmək məqsədilə 2007–2010-cu və 2011–2015-ci illər üzrə müvafiq dövlət proqramları mövcud olub və uğurla icra edilib.

Nəticədə rəsmi statistikaya əsasən, işsizlik səviyyəsi real olaraq 7,3%-dən 5%-dək, yoxsulluq səviyyəsi 29,3%-dən 4,9%-dək azalıb, əhalinin gəlirlərinin 5,2 dəfə, minimum əməkhaqqının 3,5 dəfə, orta aylıq nominal əməkhaqqının isə 3,8 dəfə artdığı qeydə alınıb.

Ümumiyyətlə, keçən il ərzində də məşğulluq tədbirləri nəticəsində əvvəlki ilə nisbətən 9,1 % çox olmaqla 50 min nəfərdən artıq vətəndaş işlə təmin edilib. Yəni, bu vəzifənin icrası, məşğulluğun genişləndirilməsi tədbirləri əvvəl də var idi və davam etdirildi, bu gün də. Sadəcə olaraq, bundan sonra sözügedən məsələyə sistemli, konkret mexanizmlər və idarəçilik əsasında yanaşılacaq. “İşçinin dostu” proqramı da bunun məhz tərkib hissəsidir.

Qeyd edim ki, yuxarıda adını çəkdiyim Fərmanda əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin həyata keçirilməsini təmin edən “DOST” mərkəzlərinin yaradılması müəyyən edilib. Elə “İşçinin dostu” proqramı da DOST agentliyi, onun mərkəzləri vasitəsilə həyata keçiriləcək. Hesab edirəm, ilkin olaraq 30 mindən də çox yeni iş yerinin yaradılmasına imkan yarana bilər. Baxır, bu sahədə işlər necə, hansı sürətlə həyata keçiriləcək.

Yeri gəlmişkən, ölkəmizdə hər il əmək bazarına təxminən, 100 min işçi daxil olur ki, sözsüz, bunların hamısını iş yerlərilə təmin etmək çətin vəzifədir. Ümumiyyətlə, əhalinin sayının artması ilə əlaqədar işçi qüvvəsinin kəmiyyətcə, yəni say etibarilə çoxalması ilə, iqtisadiyyatın keyfiyyətli işçi qüvvəsinə durmadan genişlənən tələbin qarşılanması məsələlərinin uzlaşdırılması çox çətin problem sayılır. Lakin “İşçinin dostu” proqramı kimi layihələrlə həm məsələni yaxından tədqiq etmək, həm də nəzarət etmək və nəzarətdə saxlamaq mümkündür. Statistika isə əhəmiyyətcə, bundan sonrakı məsələdir.

Bir daha qeyd edirəm, potensiallı kadrlar tezliklə digər qurumlarda iş tapacaqlar. Ümumiyyətlə götürdükdə isə, dövlət və qeyri-dövlət bölməsində çalışan muzdlu işçilərin sayı tədricən həm islahatlar, həm də özəl sektorun özünün intensiv inkişafı yolu ilə ikincinin xeyrinə artmalı və bu sahədə balans mütləq iqtisadi qanunlara uyğun təmin olunmalıdır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: İslahat   İşsizlik  





Xəbər lenti