Ötən il əsas kapitala 17,2 milyard yönəldilib

  17 Yanvar 2019    Oxunub : 1196
Ötən il əsas kapitala 17,2 milyard yönəldilib
2018-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 milyard 238,2 milyon manat və ya əvvəlki illə müqayisədə 4,4 faiz az vəsait yönəldilib. Sərf edilmiş vəsaitin 68 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlıdır. Qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 22 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 23 faiz artıb. Ümumi sərmayənin 67,6 faizi məhsul istehsalı sahələrinin, 24,8 faizi xidmət sahələrinin, 7,6 faizi isə ümumi sahəsi 2084,7 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 69,7 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,7 faiz, bank kreditləri 11 faiz, büdcə vəsaitləri 25,8 faiz, əhalinin şəxsi vəsaitləri 8,2 faiz, büdcədənkənar fondların vəsaitləri 1,6 faiz, sair vəsaitlər isə 0,7 faiz olub.

Azvision.az

Teqlər: DSK   Kapital   Vəsait