Yararlı torpaqlarda 995 qanunsuz tikili aşkarlanıb

  17 Yanvar 2019    Oxunub : 1169
 Yararlı torpaqlarda 995 qanunsuz tikili aşkarlanıb
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 7 mart tarixli müvafiq Fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların elektron kadastr uçotu işləri yeni yanaşmalar və müasir çağırışlar əsasında davam etdirilir.
Komitədən Azvision.az -a verilən xəbərə görə, artıq Neftçala rayonu üzrə bu istiqamətdə əldə edilən yeni məlumatlar real şəraitdə istifadə ediləcək. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Neftçala rayonunda görülən işlərin nəticələri, sistemin istifadə qaydaları ilə bağlı Regional Forum keçirilib.

Tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Müəssisə, idarə, təşkilat və media nümayəndələrinin də maraq göstərdiyi ictimai təqdimatda bu layihənin nəticələri, üstünlükləri və gələcək perspektivləri müzakirə olunub. Uçot işlərinin real şəraitdə tətbiqi mexanizmi onlara əyani şəkildə göstərilib, layihənin rayonda torpaqların səmərəli idarəsi və istifadəsinə göstərəcəyi müsbət təsirlər izah edilib.

Bildirilib ki, torpaqların elektron kadastr uçotu informasiya bazasında torpaqların təyinatından tutmuş onun münbitliyinə qədər bütün göstəricilər əks olunur. Neftçala rayonunda yekunlaşan bu işlər nəticəsində bütün torpaqların dəqiq sərhədləri, miqyası, istifadə təyinatı müəyyənləşir. Beləliklə, nəticələr əsasında dövlət özünün sahibliyində və mülkiyyətində olan torpaqların balansını əldə etmiş olur. Bələdiyyələr təyinatına, mülkiyyət və əmlak növünə görə harada və nə qədər torpaq olduğuna dair bölgü məlumatları əldə edir. Xüsusi mülkiyyət sahibliyi dəqiqləşir, pay torpaqlarının sahəsi dəqiqləşdirilir.

Uçot işləri nəticəsində Neftçala rayonunun bələdiyyə hüdudları daxilində 96,3 min hektar torpaq sahəsinin mövcudluğu müəyyən olunub. Bəlli olub ki, bu ərazidən 16,9 min hektarı dövlət, 40,1min hektarı bələdiyyə, 39,2 min hektarı xüsusi mülkiyyətdə olan torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 66 min hektara yaxını (68,5 %-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 51,7 min hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahəsinin cəmi 45,0 min hektar olduğu halda, elektron uçotu nəticəsində müxtəlif uqodiyaların hesabına onun həcminin artaraq 51,7 min hektara çatdığı müəyyən edilib. Uçot işləri zamanı həmçinin müəyyən edilib ki, torpaq payı almış ailələrdən 4,1 minə yaxının torpaq ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır. Həmçinin torpaqların uçotu zamanı kənd təsərrüfatına yararlı sahələrdə yerləşən özbaşına salınmış tikili və qurğular barədə də müfəssəl məlumatlar əldə edilib. Belə ki, həmin ərazilərdə 995 tikili və qurğuların (bundan 88-i dövlət mülkiyyətində, 857-si bələdiyyə mülkiyyətində, 50-si xüsusi mülkiyyətdə) olduğu aşkar olunub.

Elektron kadastr uçotu işləri özündə həmçinin torpaqların kəmiyyət göstəriciləri ilə bərabər, keyfiyyət göstəricilərinin də müəyyənləşdirilməsini ehtiva edir. Torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı məlumat bazasının yaradılması, otlaqların geobotaniki, torpaqların eroziya xəritələrinin tərtibi kənd təsərrüfatına yararlı torpaqlardan elmi əsaslarla istifadəyə şərait yaradacaqdır.

Azvision.az

Teqlər: Neftçala   ƏMDK