"Azərbaycanda külək enerjisi potensialı kifayət qədərdir" - Ekspert

"Azərbaycanda külək enerjisi potensialı kifayət qədərdir" - Ekspert
  16 Yanvar 2019    Oxunub:2241
Energetika Nazirliyinin təşkilatçılığı, bir sıra dövlət qurumlarının nümayəndələri və beynəlxalq ekspertlərin iştirakı ilə “Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə qanunvericilik bazası və şəbəkənin təkmilləşdirilməsi” mövzusunda tədbir keçirilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, energetika nazirinin müavini Samir Vəliyev ölkədə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb və bu sahədə hüquqi bazanın təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

DNV-GL şirkətinin eksperti İlka Levinqton isə Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və dəstəklənməsi üzrə mövcud vəziyyət barədə təqdimatla çıxış edib. Hazırlanan qanun layihəsinin müddəaları, əsas dəstək mexanizmləri barədə məlumat verib, bərpa olunan enerji üzrə qiymətləndirmələrin aparıldığını diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycanda külək və günəş enerjisi potensialı kifayət qədərdir və bu potensial üzrə ərazilərin seçilməsi və onların şəbəkələrə problemsiz qoşulması qarşıda duran əsas məsələlərdir. Külək və günəş stansiyaları üçün əlverişli relyefi olan ərazilər artıq müəyyənləşdirilib. Günəş enerjisi potensialı üzrə Naxçıvan, külək enerjisi potensialı üzrə Xızı və Abşeron yarımadasının qərb hissəsi əlverişli ərazilər kimi seçilib.

O da qeyd olunub ki, seçilmiş ərazilərin şəbəkələrə əlçatanlığı vacibdir və bərpa olunan enerji mənbələri üzrə yeni stansiyaların tikilməsi üçün elektrik şəbəkələrinin yaxınlığı, onların istismar vəziyyəti və imkanları dəqiq öyrənilməlidir. Araşdırmaların ilkin nəticələrinə görə, mövcud ötürmə və paylama şəbəkələri bərpa olunan enerji istehsalının reallaşmasına və umumi enerji sisteminə inteqrasiyasına imkan yaradır. Bununla belə, şəbəkənin gücləndirilməsi məqsədilə bir sıra tədbirlərin görülməsi də vacibdir.

Tədbirdə bərpa olunan enerji mənbələri sahəsində zəmanətli tariflərin tətbiq edilməsi, hərracların keçirilməsi qaydaları, enerji alqı-satqı müqavilələri, bu sahənin Şəbəkə Məcəlləsində əks etdirilməsi üçün əsas texniki tələblər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: Energetika   Alternativ-enerji  





Xəbər lenti