BDU-da imtahanlar ictimai nəzarət altında keçirilir

BDU-da imtahanlar ictimai nəzarət altında keçirilir
  16 Yanvar 2019    Oxunub:4289
Bakı Dövlət Universiteti rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, millət vəkilləri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatları, Kütləvi İnformasiya Vasitələri nümayəndələri, valideynlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 2018/2019-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında imtahanlara baxış keçirilib.
BDU-nun Mətbuat və informasiya şöbəsindən Azvision.az -a verilən xəbərə görə, ictimai nəzarətin əsas məqsədi imtahan sessiyasının şəffaf keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır. İmtahanlara nəzarət edən müəllim-koordinatorların bölgüsü ilə tanış olan İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, media nümayəndələri və digər iştirakçılar Tədris Departamenti nəzdindəki monitorinq otağında olub, auditoriyalarda keçirilən imtahan prosesini izləyib, yazı işlərinin kodlaşdırılması ilə tanış olub, imtahanların təşkilinə və aparılmasına baxış keçiriblər. Məlum olub ki, 23 mindən artıq bakalavr və magistrantın iştirak etdiyi imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədi ilə Qərargah və onun nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları yaradılıb. Qiymətləndirmədən narazı qalan tələbələrin Qərargaha müraciəti üçün şərait təmin edilib.



İmtahanlara baxış keçiriləndən sonra İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri və media nümayəndələrinin Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanovla görüşü zamanı imtahanların təşkili və keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, F.Qurbanov universitetdə görülən işlər, yeniliklər barədə məlumat verib və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamın icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq yubileyə hazırlıq, tədbirlərin YUNESKO, İSESKO-da qeyd edilməsi, elmi-praktik konfransların, universitetin tarixini əks etdirən müxtəlif nəşrlərin hazırlanması məsələlərindən danışıb.



İctimai şuranın üzvləri və imtahan prosesinə baxış keçirən digər iştirkaçılar görülən işləri yüksək qiymətləndirib, imtahanların şəffaf və obyektiv keçirilməsini, imtahan prosesində baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini təqdir edib, tələbələrə öz biliklərini ifadə etmək üçün yaradılan şəraitdən məmnunluq ifadə ediblər. Qeyd edək ki, Bakı Dövlət Universiteti rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının yeni tərkibinə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslan, millət vəkili Sevinc Fətəliyeva, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Qafqaz Müsəlmanları İdarəsi Elmi Dini Şuranın sədri, akademik Vasim Məmmədəliyev, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, “XXI əsr” təhsil mərkəzinin rəhbəri Etibar Əliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və Modern.az saytının baş redaktoru Elşad Eyvazlı daxildir.

Azvision.az


Teqlər: BDU   imtahan  





Xəbər lenti