Növbəti hərrac keçirilib

  15 Yanvar 2019    Oxunub : 1042
Növbəti hərrac keçirilib
Yanvarın 15-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Komitədən Azvision.az -a bildirilib ki, müxtəlif kateqoriyalar üzrə çoxseçimli dövlət əmlaklarının özəlləşməyə çıxarılması və hərraca qoşulmaq üçün sadə prosedurlar vətəndaş fəallığını təmin edib. Belə ki, elektron hərrac sistemi ilə 8 vətəndaş vaxt itirmədən, gündəlik fəaliyyətdən uzaqlaşmadan onlayn sifariş verməklə hərracda iştirak statusu qazanıb. 15 dövlət əmlakı üzrə ümumilikdə 31 sifarişin olması səbəbindən hərrac rəqabətli şəraitdə keçib. Özəlləşdirilən dövlət əmlaklarından 8-i kiçik dövlət müəssisə və obyekti, 6-sı nəqliyyat vasitəsi, biri isə qeyri-yaşayış sahəsidir.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrindən 4-nə, ümumilikdə 20 sifarişin qeydə alınması vətəndaşların fəal iştirakını və yüksək marağını göstərir. Rəqabətli hərracda ilkin qiyməti 6 min manat olan “Kia Optima” markalı avtomobili qalib iştirakçı 10 min 100 manata özəlləşdirib. Eyni markadan olan, 4 min manat hərrac qiyməti təyin edilmiş digər bir nəqliyyat vasitəsi üçün iştirakçı son qiymət olaraq 6 min manat təklif edib. Vətəndaşlar tərəfindən özəlləşdirilən digər avtomobillər isə QAZ, “Fiat”, “Nissan” və “UAZ” kimi markalara aiddir.

Paytaxt üzrə özəlləşdirilən kiçik dövlət müəssisə və obyektləri Səbail, Xəzər və Sabunçu rayonlarında yerləşir. Səbail rayonu, Ş.Allahverdiyev küçəsindəki dövlət əmlakının ümumi faydalı sahəsi 82,2 kvadratmetrdir. Yanacaqdoldurma məntəqəsi kimi istifadə olunmuş obyekt investor tərəfindən 2 min 500 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirilib. Buzovnadakı mağazanın isə ümumi faydalı sahəsi 211,2 kvadratmetrdir. Biləsuvar rayonu, Nəsimikənd kəndində yerləşən yardımçı təsərrüfatın ümumi faydalı 121,6 kvadratmetr təşkil edir. Bu dövlət obyektinin geniş torpaq sahəsi ilə birgə özəlləşdirilməsi onun iqtisadi potensialının artırır. Xidmət fəaliyyəti üçün uyğun olan qeyri-yaşayış sahəsi isə Bakı şəhəri, Səbail rayonu, M.Useynov küçəsində yerləşir. Özəlləşən bu obyektin ümumi faydalı sahəsi 352,7 kvadratmetrdir.

Komitə tərəfindən növbəti hərrac yanvarın 22-də keçiriləcək. Həmin hərraca ümumilikdə 76 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 33-ü kiçik dövlət müəssisə və obyekti, 20-si qeyri-yaşayış sahəsidir. Hərraca çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat əldə etmək və prosesdə iştirak etmək üçün komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir.

Azvision.az

Teqlər: ƏMDK   Hərrac